Newscenter.az.22.12.2021. “Media haqqında yeni qanun layihəsi Azərbaycan mediasını yeni mərhələyə aparan, media subyektlərinin fəaliyyətində inkişafa doğru bir sıra maddələri özündə əks etdirir.”
Newscenter.az xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva belə deyib. O bildirib ki, qanun layihəsi özündə bir sıra yeni məqamları ehtiva edir:
"Layihə ilk növbədə bütün dünyada media strukturunun əsas prioriteti kimi çıxış edən onlayn medianın hüquqi statusunun tənzimlənməsi məsələlərini əks etdirir. Onlayn media 20 ilə yaxındır, Azərbaycanda mövcud olmasına baxmayaraq, tam mənada hüquqi mexanizmlərə malik deyildi. Ancaq vurğulamaq istərdim ki, bu məqam ölkəmizin media məkanında çox böyük paya malik olan onlayn media sferasında fəaliyyət göstərənlər və cəmiyyət üçün problemlər yaradırdı. Yeni qanun lahiyəsinin qəbulu bu kimi məsələlərin tənzimlənməsini hədəfləyir”.
K.Nurullayeva bildirib ki, sənəddə öz əksini tapan digər vacib məqam jurnalistlərin vahid reyestrinin yaradılmasıdır:
“Bir çox ölkədə bu cür addımın atılması uğurla nəticələnib. Həmçinin qeyd etmək istərdim ki, jurnalistlər üçün vahid formalı vəsiqələrin tətbiq edilməsi də qanun lahiyəsində öz əksini tapıb. Vahid formalı kartı əldə edən jurnalistlər qanunla nəzərdə tutulan bir sıra imtiyazlardan istifadə edə biləcəklər. KİV-in peşəkarlaşmasını stimullaşdırmağı hədəfləyən qanun lahiyəsi hərbi və fövqəladə vəziyyət hallarında davranış standartlarını, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyini, təhqir və böhtanın qarşısının alınmasını, müəllif hüquqlarının qorunması hallarını əhatə edir”.
Deputat "freelancer" - sərbəst çalışan jurnalistlərin hüquqlarının tanınması və vahid vəsiqə ilə bağlı məsələnin qanunda əksini tapmasını vacib hesab edir:
“Onlayn medianın inkişafı sərbəst çalışan jurnalistlərin kəmiyyətini artırmış, amma indiyədək onların hüquqları tanınmamışdır. Yeni qanun bu problemi də aradan qaldıraraq məsuliyyətli medianın inkişafına təkan verəcək. Qanun lahiyəsində müzakirə etdiyimiz vahid formalı vəsiqələrin istifadə edilməsi, dünya təcrübəsində uzun müddətdir ki, tətbiq olunan vasitədir. Media subyektlerinin və jurnalistlərin vahid qurum altında birləşməsi və reyestrinin kifayət qədər müsbət nümunələri mövcuddur. Bir çox ölkələrdə milli və ya regional mətbuatda çalışan jurnalistlərə, fotoqraflara və müstəqil xəbər toplayıcılarına press kartlar verilir və bu press kartlar bütün polis qüvvələri, Ədliyyə Nazirliyi və de-fakto digər dövlət orqanları tərəfindən rəsmi olaraq tanınır. Bu sistem jurnalistlərin hüququnu məhdudlaşdırmır, sadəcə peşəkar jurnalistləri müəyyənləşdirir. Press kartların tətbiqi jurnalistlərə muzeylərdən ödənişsiz istifadə, jurnalistlərin saxlanması və ya həbs zamanı hüquq və azadlıqlarının müdafiəsinə təminat, psixoloji müdafiə, xaricə işgüzar səfərlərin təşkilində köməklik, jurnalist statusunun təsdiqi kimi müəyyən üstünlüklər verir”.
Könül Nurullayeva hesab edir ki, “Media haqqında” qanun layihəsi boşluqların aradan qaldırılması və media sahəsində bütün istiqamətlər üzrə islahatların həyata keçirilməsi üçün zəmin yaradacaq. Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək.
“Hesab edirəm ki, müəyyən olunmuş tələblərə cavab verməyən bloqerlerin fəaliyyəti nəzarət altında olmalıdır. Eyni zamanda dünya təcrübəsində olduğu kimi, jurnalistlərlə yanaşı fotoqraflara da press kartların verilməsi nəzərdə tutula bilər. Vahid bir sistem yaradılmalı, ictimaiyyətə müəyyən mənada mənfi təsir göstərən, əxlaqi qaydalara zidd olaraq fəaliyyət göstərən media subyektlerinin fəaliyyəti məhdudlaşdırılmalıdır”-, deyə deputat bildirib.
Ruhiyyə