Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

25 500 AZN-lik İnvestisiya Fondunun qalibləri açıqlandı!



Newscenter.az.23.12.2021. Coca-Cola Fondunun əsas dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən “New Generation 2.0” (“Yeni Nəsil 2.0”) layihəsinin 22 dekabr tarixində baş tutan bağlanış mərasimində qaliblər müəyyənləşdirilib.

Newscenter.az xəbər verir ki, birinci yerə “Yoochamp” komandası (10.000 azn), ikinci yerə “GreenBomb” komandası (7.000 azn), üçüncü yerə “Buta” komandası (5.000 azn) layiq görülüb. Layihədə həvəsləndirici meyar olaraq dördüncü yeri “Bonpini” komandası (2.000 azn) və beşinci yeri isə “Hamsa-recyling”komandası (1.500 azn) qazanıb.

Beş mərhələdən ibarət olan layihə, ümumilikdə, Bakı, Abşeron-Qobustan, Gəncə-Qazax, Şəki-Zaqatala, Sabirabad və Lənkəran bölgələrindən olan 3500 gənci əhatə edib.

“New Generation 2.0” layihəsi HoReCa (otel, restoran, keytrinq), innovasiya-startap, rəqəmsallaşma və kənd təsərrüfatı istiqamətlərini əhatə edib. Layihə çərçivəsində sahibkarlıq yönündə maarifləndirmə, innovativ ekosistemin yaradılması, biznes ideyalarının yaradılması kimi mövzularda təlim və tədbirlər keçirilib. Layihə müddətində iştirakçılar üçün mentor dəstəyi ilə yanaşı, investisiya fondu mükafatı da qoyulub.

Bir ili əhatə edən layihənin bağlanış mərasimində, finala vəsiqə qazanan 20 komanda öz layihələrini təqdim edib. Münsiflər heyətinin qərarı ilə beş komanda mükafata layiq görülüb.

Bağlanış mərasimi Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Coca-Cola şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə İctimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Elşad Fərzəliyev, Azərbaycan Respublikasının Milli Məcilisinin Deputatı, Şahin Seyidzadə, Vüqar Bayramov, Vüqar İsgəndərov və digər rəsmilərin iştirakı ilə həyata keçirilib.

“Youth Inc.” Sahibkarlıq Proqramı və Biznes İnkubasiya Mərkəzinin meneceri Talifa İsgəndərlinin açılış nitqindən sonra dövlət rəsmiləri də layihə ilə bağlı fikirlərini, eyni zamanda sahibkarlıq ideologiyasının yeni nəsil üçün nə qədər vacib olduğunu vurğulayıblar.

Mərasimin sonunda “Yeni Nəsil 2.0” layihəsinin və 10 illiklərini qeyd edən “Youth Inc.” Sahibkarlıq Proqramı və Biznes İnkubasiya Mərkəzinin hesabat video çarxları təqdim olunub.

Qeyd edək ki, “Yeni Nəsil 2.0” (“New Generation 2.0”) layihəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Coca-Cola” şirkəti, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı və “Youth Inc.” Sahibkarlıq Proqramı və Biznes İnkubasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.

Sevinc
Xəbəri paylaş