Newscenter.az.23.12.2021. Fransanın İle-de-Frans regionunun rəhbəri Respublikaçılar Partiyasından prezident seçkilərinə namizəd Valeri Pekres Ermənistana, daha sonra isə Qarabağa qanunsuz səfər edib. Bu da azmış kimi, xanım namizəd Xankəndidən fotolar paylaşaraq erməni xalqının yanında olduğunu göstərib.
Fotolardan da görünür ki, Pekres açıq-aydın artistlik məharəti nümayiş etdirərək seçkilərdə Fransadakı erməni lobbisinin dəstəyini qazanmağa çalışır. Aydın məsələdir ki, Valeri Pekresin Ermənistana və xüsusilə Qarabağa səfəri siyasi avantüra və siyasi popilizmdir. Xanım namizəd bununla həm də Fransa daxili siyasətinin eybəcərliyini və bütün mənəvi-etik dəyərlərdən kənar olduğunu göstərir.
Fransa siyasətçiləri istər ölkə daxili, istərsə də xarici siyasət məsələlərində tarixən ermənilərdən istifadə ediblər. Hətta hazırda vəziyyət elə bir həddə çatıb ki, prezidentliyə namizədin qələbə şansı erməni lobbisi və diasporunun dəstəyi ilə ölçülür. Bu mənada Pekres də sələflərindən fərqli davranmır.
Hesab edirəm prezidentliyə namizəd də olsa Valeri Pekres Azərbaycanda arzuedilməz şəxslər siyahısına daxil edilməlidir.
Məsələ bu şəxsin Qarabağa səfər etməyindən yox, qanunsuz səfər etməyindən gedir. Xanım namizəd Qarabağa səfər etmək istəyirdisə, hər halda bunu rəsmi Bakıya bildirməli idi. Qarabağ Azərbaycanın beynəlxalq hüquqla tanına ərazisidir. Valeri Pekres və digər namizədlər ilk növbədə bunu anlamalıdır ki, başda ölkələri Fransa olmaqla, bütün dünya Qarabağı Azərbaycanın ərazisi olaraq tanıyır. Bu mənada onun Qarabağa səfəri nə məqsədlə olur olsun, ölkəsinin siyasi iradəsini də pozmaq deməkdir. Məsələ ondadır ki, xanım namizəd Qarabağa səfər etmək istəyirdisə, hər halda bunu rəsmi Bakıya bildirməli idi.
Pekres və Fransa senatında olan digər ermənipərəstlərin münaqişəni yenidən alovlandırmaq, revanşizm, separatçılığı dəstəkləmək və ona dini don geyindirmək cəhdləri təhlükəlidir. Məsələyə xristian təəssübkeşliyi, səlibçi təşəfkürü və rasist orientalizm ideologiyası ilə baxmaq təhlükəli fəsadlar yarada bilər.
Paşinyan Makrona xəyanat etdi!
Paşinyan Pekresin Ermənistana səfər etməsinə şərait yaratmaqla özünün ən ciddi dəstəkləyicisi olan hazırkı Prezident Emmanuel Makrona əsl münasibətini göstərdi. Məsələ ondadır ki, Paşinyan Makronun da seçkilərə qatılacağını və ikinci dəfə prezident seçilmək istədiyini yaxşı bilir. Digər tərəfdən, Pekres hazırda Makronun ən ciddi rəqibi hesab edilir. Makronun ən ciddi rəqibinin dövlət protokol atributları ilə qəbul olunması faktiki olaraq Nikol Paşinyanın Emmanuel Makrona xəyanət etməsinə dəlalət edir.
Makron Paşinyana görə Azərbaycan ilə ən kəskin mübahisəyə çıxan və bizə əsassız ittihamlar irəli sürən Avropa lideri idi. Ümumiyyətlə bu şəxs Fransa tarixində ermənilərə bu qədər açıq dəstək verən tək şəxsdir. Hesab edirəm Makron Paşinyanın bu hərəkətini unutmayacaq və ikinci dəfə prezident seçilsə bu Fransa-Ermənistan münasibətlərinə yansıyacaq.
Sülhməramlılar izahat verməlidir!
Hazırda Valeri Pekres Qarabağa qanunsuz səfər etməsindən daha aktual bir məsələ onun bu səfərinin necə baş tutmasıdır. Ermənistandan Qarabağa yalnız Laçın dəhlizi vasitəsi ilə daxil olmaq olar. 10 noyabr bəyanatına görə isə Laçın dəhlizi müvəqqəti olaraq Rusiya sülhməramlıları nəzarətindədir. Maraqlıdır, Rusiya sülhməramlıları Laçın dəhlizində nə ilə məşğuldurlar? Onlar işlərini və üzərilərinə düşən öhdəliklərini ya yerinə yetirə bilmirlər, ya da ki, yetirmək istəmirlər.
Hesab edirəm bu məsələ ilə bağlı həm Rusiya sülhməramlıların komandanlığına, həm də Rusiyaya xəbərdarlıq edilməlidir. Məsələ ondadır ki, sülhməramlıların gözü qarşısında Qarabağa silah və sursat da daşınır. Sülhməramlılar əgər Valeri Pekres kimi bir şəxsin də Qarabağa qanusnuz səfərinin qarısını ala bilmirsə, onların fəaliyyəti kimə lazımdır? Rəsmi Bakı bu və bu kimi məsələlərlə bağlı ciddi ölçü götürməlidir.
Turan Rzayev-siyasi ekspert