Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibkarlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin 60 illik yubileyini təbrik etdilər



Newscenter.az.23.12.2021. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 60 illik yubileyi münasibətilə Azərbaycan Sahibkarlar Konfederasiyası onlayn formatda tədbir keçirmişdir. Newscenter.az xəbər verir ki, tədbirdə ölkəmizin iş adamları, üzv şirkətlərin rəhbərləri eləcə də konfederasiyanın əməkdaşları iştirak ediblər.

Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının inkişafı, biznes mühitinin yaxşılaşması, sahibkarlığa dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi haqqında məlumat verən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsini tarixi hadisə adlandırdı.

“44 günlük Vətən Müharibəsində qələbə çaldıq. Bu bütün azərbaycanlılar və türk dünyası üçün qürurverici bir tarixdir. Bütün Azərbaycan xalqı və bütün sahibkarlar buna görə daima müzəffər Ali Baş Komandana minnətdar olacaqlar. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyilə azad olunmuş torpaqlarımızda həyata keçirilən quruculuq işləri bütün dünyanı heyran edir. Bu proseslerdə birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi əməyi vardır” – deyən Konfederasiya rəhbəri Qarabağın iqtisadi dirçəlişində sahibkarların da üzərinə böyük vəzifələrin düşdüyünü bildirib. Prezident cənab İlham Əliyevin fərmanı ilə 25 aprel – Sahibkarlar günü kimi qeyd edildiyini vurğulayan Konfederasiya rəhbəri müzəffər Ali Baş Komandanın ümumxalq sevgisini qazandığını vurğulayıb.

Sonra Azərbaycan Sahibkarlar Konfederasiyası prezidentinin məsləhətçisi Şəbnəm Nuriyeva prezidentin siyasi, iqtisadi diplomatiyası, Azərbaycanın regionda tutduğu coğrafi və siyasi yeri haqqında iştirakçılara məlumat verib. Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Zakir Nuriyev bildirib ki, 2020-ci ildə gedən 44 günlük Vətən Müharibəsi tarixi ədalətin bərpa edilməsi ilə Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurları nəticəsində ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi və xalqımızın sosial rifahının yüksəlməsi əsas parametrlərdən biridir. Azərbaycanda yoxsulluq səviyyəsinin 5 faizdən aşağı düşməsi iqtisadi siyasətin uğurlu olmasının ən bariz nümunələrindən biridir.

Görüşdə iştirak edən iş adamları – Savaş Uzan, Ruslan Quliyev, Camid Mövsümov, Səkinə Babayeva, Vüqar Məhərrəmov, Xanlar Eldarov, Məmməd Abdullayev və digərləri Azərbaycan sahibkarları adından Prezident cənab İlham Əliyevə xoş arzularını çatdıraraq, dövlət başçısını yubileyi münasibətilə təbrik edərək, ona cansağlığı və fəaliyyətində tükənməz enerji arzulayıblar.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidentləri Vüqar Zeynalov, Jalə Hacıyeva, məsləhətçi Bəxtiyar Ağayev, Baş katibin müavini Fuad Hümbətov çıxışlarında Azərbaycan Prezidentinin yüksək mənəvi və diplomatik dəyərlərə malik olduğunu, ölkəmizin inkişafında böyük əməyi olduğunu xüsusi qeyd ediblər.

Tədbirin sonunda sahibkarlar adından Prezident İlham Əliyevə təbrik ünvanının göndərilməsi qərara alınıb.

Sevinc
Xəbəri paylaş