Newscenter.az.23.12.2021. Hər bir xalqın inkişaf yolunun banisinə çevrilən, onu dünya miqyasında tanıdaraq layiqli mövqeyə çıxaran fenomen liderlər həm də dövlətçilikdə siyasi varislik ənənələri formalaşdıraraq böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin edirlər. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev də belə nadir şəxsiyyətlərdən olaraq müstəqil Azərbaycanın davamlı inkişaf konsepsiyasını irəli sürməklə yanaşı, həm də bu strateji kursu qloballaşma dövrünün diktə etdiyi yeni şərtlər müqabilində davam etdirməyə qadir, praqmatik və rasional təfəkkürlü, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı və lider yetişdirmişdir.
Hələ 2003-cü ilin oktyabrında xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyev Azərbaycanın yeni dövr üçün iqtisadi siyasət prioritetlərini açıqlamış, çevik və işlək mexanizmlər üzərində proqressiv islahatları təmin etməklə böyük ictimai rəğbət qazanmış, hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu əməli işi ilə sübuta yetirmişdir. 2003-2008-ci illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmişdir.Birinci prezidentliyi dövründə ulu öndər Heydər Əliyevin banisi olduğu milli dövlətçilik ənənələrinə sadiq qalan, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirən, onu böyük iqtisadi uğurlara qovuşduran cənab İlham Əliyevin 2008-ci ilin 15 oktyabr seçkilərindəki möhtəşəm zəfəri də obyektiv reallığa əsaslanmışdır. Azərbaycanın dinamik sosial-iqtisadi yüksəlişini təmin etmiş Heydər Əliyev siyasi kursunun davam etdirilməsi 2008-ci ilin 15 oktyabr prezident seçkilərində də cəmiyyətin həlledici çoxluğunun istəyi kimi ortaya çıxmışdır. Ölkə ictimaiyyəti uzun illərin sərt sınaqlarından çıxaraq etimad qazanmış bu siyasi kursun davamlılığının təmin olunması, hər bir fərdin mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların ardıcıl şəkildə davam etdirilməsi üçün növbəti dəfə prinsipial siyasi iradə nümayiş etdirmişdir.
Xalqın dəyişməz seçimini labüd edən başlıca amillərdən biri də cənab İlham Əliyevin 2003-2008-ci illərdə xalq qarşısında götürdüyü öhdəliklərə vətənpərvər və qurucu lider əzmi ilə əməl etməsi, milli mənafelərə maksimum cavab verən siyasət yeritməsidir. "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və hiss eləsin", - bu fikir Azərbaycanın dövlət başçısının xalqına necə bağlı lider olduğunu əyani surətdə aşkara çıxarır.
Məleykə Ağayeva,
YAP Sabirabad rayon təşkilatının sədr səlahiyyətlərini icra edən