Newscenter.az.24.12.2021. Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.
Newscenter.az həmin təbrik mətnini təqdim edir:
Möhtərəm, cənab Prezident!
Sizi, Şərqin, Türk dünyasının, doğma vətənimiz Azərbaycanın qürur mənbəyini, Qarabağın Xilaskarını, Şuşa qalasının Fatehini 60 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, Sizə can sağlığı, şərəfli tarixi missiyanızda yen-yeni zirvələr və uzun ömür arzulayıram!
Bir il bundan öncə “Bizim işimiz haqq işidir! Biz zəfər çalacağıq!” nidası ilə Vətən müharibəsinə başladınız. 200 ilin Vətən parçalanmasına və 30 ilin işğalına 44 gündə son qoydunuz!
Azərbaycan ordusunun, Azərbaycan əsgərinin iradəsi, Şəhidlərimizin al qanı ilə tarix yazdınız. “Öldü var, döndü yoxdur” deyib - tarix içərisində tarix yaratdınız. Bütün dünyaya sübut etdiniz ki, burada, Güney Qafqazda qüdrətli xalqın yaratdığı dövlət var: Odlar Yurdu Azərbaycan!
Bu gün Azərbaycan bayrağı “Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da var. O, torpaqlar bizim tarixi torpaqlarımızdır. Biz ora qayıdacağıq. Mütləq qayıdacağıq” çağrışı ilə tarix yaradan XXI yüz illiyin şəriksiz liderinin - Sizin iradənizlə Murovun zirvəsində, Xudafərin körpüsündə, Şuşa qalasında, Şərqi Zəngəzurun hər bir guşəsində dalğalanır. Sizin rəhbərliyinizlə Azərbaycan xalqı Qayıdışın, Qurtuluşun, Dirçəlişin real dastanını yazır! Xalqımız Vətənə sevginin, həm də sonsuz, hüdudları olmayan sevginin nümunəsi ilə bəşəriyyəti özünün Bütövlüyü, Dövlət - Xalq, Lider - Xalq birliyi ilə heyrətləndirir.
Siz, bu gün bir lider, dövlət xadimi, sərkərdə, xaqan olaraq təkcə mənsub olduğunuz millətin, Azərbaycanın deyil, Şərqin, Türk dünyasının, İslam cografiyasının Qəhrəmanlıq Simvolu, Qeyrət, Cəsarət, Ləyaqət nümunəsisiniz. İndi Sizinlə təkcə yer üzünə səpələnən 50 milyondan çox Azərbaycanlı deyil, həm də sinəsinə repressiya, deportasiya dağları çəkilən Axısqa türkləri, Kırım tatarları, sadəcə Şeyx Şamilin varisi olduqlarına görə incidilən dağlılar, çeçenlər, inquşlar, adıgeylər, balkarlar, İraq türkmənləri, hələ də qan çanağına dönən müsəlman dünyasının da əzilən insanları qürur duyurlar!
Ulu Öndərin dövlət idarəçilik təlimindəki prioritetlərin Sizin tərəfinizdən uğurla davam etdirilməsi, ölkəmizin davamlı və dinamik inkişafı, ümumbəşəri dəyərlərə inteqrasiyası, fərqli sivilizasiyaların qovuşduğu məkana çevrilməsi, 44 günlük Vətən savaşı ilə, əldə etdiyiniz zəfərlə təkcə Azərbaycanı deyil, həm də bütövlükdə regionu yeni inkişaf mərhələsinə çıxardınız.
Siz, Dünyanı dəyişən Lider səviyyəsinə ucaldınız. Prezident də olmaq olar, iri-iri dövlətləri idarə etmək də olar. Ancaq Azərbaycanı geopolitik məkanda tutduğu mövqeyinə, Şərqlə - Qərbin, Avropa ilə Asiyanın kəsişmə məkanında yerləşdiyinə, zəngin sərvətlərinə və bioresurslarına görə Dünya güc mərkəzlərinin məkrli məqsədlərindən və təhdidlərindən, regionu təhlükə qarşısında qoyan erməni faşizmindən xilas etmək təkcə analitik təfəkkür, intelektual potensial deyil, həm də siyasi iradə və qətiyyət, yüksək hərbi hazırlıq, sonsuz Vətən sevgisi, Vətəndaşlıq mövqeyi, Vətənpərvərlik hissiləri və Bəşəri keyfiyyətlər tələb edir. Daşıdığınız bütün bu yüksək dəyərlər Sizin genetik kodlarınızın dərin məntiqinə söykənir.
60 il həm də Sizin ötüb keçən illərinizin xatirəsidir. Qürurvericidi ki, Sizin məsuliyyət və vicdan, Vətənə sonsuz bağlılıq, millətə dərin sevgi, bəşəri dəyərlərə sədaqət anlayışlarının vəhdətinə söykənən ömür kitabınız mənsub olduğunuz millətin tarixinə sevgi ilə yazılmışdır.
Müzəffər Ali Baş Komandan!
Siz, Tanrının seçdiyi, sevdiyi, sevərək xalqımıza bəxş etdiyi, nadir tarixi şəxsiyyətsiniz. Bütöv Azərbaycan ideyaları ilə yaşayan və zamanının tanınmış, işıqlı şəxsiyyətlərindən olan Əziz Əliyevin nəvəsi, təkrarsız tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin övladı və siyasi varisi, Şərqin, Türk dünyasının haqq səsi, Qarabağın xilaskarı, Zəfər, Qələbə Memarı olaraq dünyaya gəlmisiniz.
Möhtərəm, cənab Prezident!
Müzəffər Ali Baş Komandan!
Sizinlə fəxr edir, qürur duyuram.
Sizi bir daha Doğum gününüz münasibəti ilə təbrik edir, Sizə, Sizin dəyərli ailənizə, övladlarınıza, nəvələrinizə can sağlığı və uzun ömür arzulayıram. Tanrı Vətən, Azərbaycan xalqı, TURAN və “Qurani-Kərim” müqəddəsliyi naminə böyük və məsuliyyətli, şərəfli misiyanızda Sizə yar və yardımçınız olsun!
Dərin hörmət və ehtiramla,
Fəzail Ağamalı
Ana Vətən Partiyasının sədri,
Milli Məclisin deputatı