Newscenter.az.24.12.2021. Bu il xalqımız və dövlətimiz üçün bir çox önəmli və əlamətdar hadisələrlə yadda qalmaqdadır. İlk öncə biz dövlətimizin ötən əsrin 91-ci ilində yenidən müstəqilliyini bərpa etməsinin 30-cu ilini yaşadıq. Daha sonra isə otuz ilə yaxın işğal altında olan ərazilərimizin azad edilməsinin və ən nəhayət ərazilərimizə təcavüz edən mənfur düşmən üzərində tarixi zəfərimizin bir yaşını qeyd etdik. Və ən nəhayət, xalqımız və dövlətimiz üçün növbəti əlamətdar və tarixi hadisə isə, onun qalib liderinin çox dəyərli və geniş məzmunlu ömür kitabının 60-cı səhifəsini böyük qürur və fəxarət hissi ilə çevirməsi ilə bağlı oldu. Bəli, 18 ildən artıq Azərbaycana uğurla rəhbərlik edən və hazırki ömrünün düz yarısından, yəni otuzuncu ilindən müstəqilliyinə qovuşmuş dövlətinə müxtəlif istiqamətlərdə xidmət edən, ümummilli qəhrəman adına layiq Prezident İlham Əliyevin 60 yaşı tamam olur.
Sadəcə 44 günlük müharibə dönəmində demək olar ki, hər gün xalqına qələbə xəbərlərini çatdırarkən düşmənin ünvanına hər bir azərbaycanlının ürəyindən keçənləri açıq şəkildə deməklə bizə çox şeyi anlatdı. Bizə onu anlatdı ki, hakimiyyətdə olduğu hər anı belə Azərbaycanın ən böyük problemi olan məslənin həllinə çalışıb! Çıxışlarındakı qəzəb və hiddət onu göstərdi ki, düşmən Şuşada, Cıdır düzündə yallı gedərkən ürəyi ən çox qübar edən azərbaycanlı məhz elə ölkənin birinci şəxsi kimi o olub! İşğal altında olan ərazilərimizin dövlətimizin maddi imkanları müqabilində geri qaytarılması ilə bağlı təklif barədə məlumatların yayılması sübut etdi ki, ümummilli maraqlarımızın təmin olunması naminə hər addımı atmağa hazır olan da, o olub! Ordumuzun ən az itkilərə məruz qalıb düşməni məhv etməsinə nail olmağa imkan verən silah və texniki vasitələrlə təmin olunması onu isbat etdi ki, nəyin bahasına olursa-olsun işğala son qoymaq istəyi ilə yanaşı hər bir əsgərimizin və zabitimizin həyatı onun üçün ən ümdə məsələ olub! Ürəyi hər an düşmənə qalib gəlmək və Azərbaycanı bütövləşdirmək sevgisi ilə alışıb yanan Prezident və Ali Baş Komandan Qarabağ münaqişəsinə heç bir aidiyyatı olmyan və öz yaşından çox böyük olan Zəngəzur dəhlizi probleminin həlli arzusunu heç kimə demədən yalnız öz ürəyində yaşadıb. Məhz elə buna görə də, artıq tarixi reallığa və zərurətə çevrilən Zəngəzur dəhlizi bilavasitə Prezident İlham Əliyevin adı, iradəsi və dühası ilə bağlıdır!
Baş verən proseslər bir daha onu sübut etdi ki, artıq həllolunmaz səviyyəyə gələrək “Qordi düyünü”nə çevrilən Qarabağ münaqişəsini həll etmək və təkcə regionun deyil, o cümlədən də dünyanın nəqliyyat və iqtisadi xəritəsində ciddi dəyişikliyə səbəb olacaq Zəngəzur dəhlizi ideyasını ortaya qoyaraq reallaşdırmaq bacarığı, yalnız İlham Əliyev diplomatiyasına, siyasi iradəsinə və müdrikliyinə sahib olacaq şəxsdə ola bilərdi. Azərbaycan xalqına tarixi zəfəri yaşadan, tarixdə çox nadir hallarda baş verən xeyirin şər üzərində qələbəsini reallaşdıran və bununla da cənubi Qafqazda siyasi, iqtisadi və nəqliyyat xəritəsini yenidən tərtib edən Prezident İlham Əliyev, adını təkcə Azərbaycanın deyil, ümumilikdə dünya siyasətinin, diplomatiyasının və hərb elminin tarixinə qızıl hərflərlə yazmış oldu!
44 günlük zəfər dolu ikinci Qarabağ müharibəsində şanlı Ordumuzun önündə onun müzəffər Ali Baş Komandanı kimi bir an belə gözünü qırpmadan inamla irəli gedən Prezident İlham Əliyev bütün torpaqlarımızda və tarixi Şuşa qalasında bayrağımızı ucaltdı! Həm müharibə zamanı, həm də ondan sonra siyasi və diplomatik müstəvi ilə yanaşı, informasiya cəbhəsində düşmənin və onun dəstəkçilərinin qarşısına şəxsən çıxaraq onları darmadağın etdi! Keçən əsrin 90-cı illərində müstəqilliyini bərpa etsə də, heç vaxt tam müstəqil ola bilməyən dövlətimizin müstəqilliyini tamamladı və bütövləşdirdi! Bütün bu və saysız-hesabsız digər uğurlu fəaliyyətlərini kənara qoyaraq, təkcə mənfur, hiyləgər və vəhşi düşməni diz çökdürdüyünə görə Prezident İlham Əliyevə təşəkkür, onun doğum gününün 60 illiyi münasibəti ilə onu və bütövlükdə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm! İşğal dövründə dövlət başçısı kimi bütün doğum günlərini ən həssas kəsimimiz olan keçmiş qaçqın və məcburi köçkünlərlə birlikdə onların yaşadığı məntəqələrdə keçirən, işğaldan sonra isə 60 illik yubileyini ən yaxın silahdaşı Mehriban xanım Əliyeva ilə azad edilmiş Şuşada qeyd edən Prezidentə uzun ömür, can sağlığı və zəfər dolu növbəti yaşlar arzulayıram!
Xəyal Bəşirov-politoloq