Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Komandoların “kölgəsi” separatçıların başı üzərində olacaq!



Newscenter.az.25.12.2021
. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsinə, daha sonra isə Şuşa şəhərinə səfər edib. Prezident hər il olduğu kimi bu il də doğum gününü xüsusi qeyd etməyib. Əvəzində işğaldan azad edilən ərazilərə səfər edərək həm burada bərpa prosesi istiqamətində görülən işlər ilə yerində tanış oldu, həm də doğum günü ənənəsinə sadiq qalaraq bir sıra mühüm açılışlar etdi. Hesab edirəm səfər çərçivəsində xüsusi diqqət çəkən məqam prezidentin ailə üzvləri ilə birlikdə Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak etməsi oldu.

Ali Baş Komandanın Hadrut qəsəbəsində açılışını etdiyi hərbi hissə olduqca mühümdür. Bu hərbi hissədə Azərbaycan Ordusunun Türkiyə təcrübəsinə əsaslanaraq yaratdığı yeni komando briqadası yerləşəcək. Bu gün xüsusi təyinatlılar demək olar ki, bütün ölkələrdə silahlı qüvvələrin ən etibarlı və seçmə birləşməsi sayılır. Misal üçün Türkiyədə “Komando”, “Bordo bereli”, “SAT-SAS”, ABŞ-da ”Reyncer”, ”Delta forçe”, Rusiyada “Alfa”, “Vımpel”, “Delta”, İsraildə “Amor”, Böyük Britaniyada “Kommandos”, “Skorpion” və s. Ölkəmizdə də “Yarasa”, “Qartal”, “Şahin”, “Vaşaq”, “Əqrəb” və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur. Türk komandoları isə dünyanın ən elit hərbi birləşmələrindən hesab edilir.

Görünən odur ki, Prezident Azərbaycan ordusunu qardaş Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında tərtib etmək, eyni səviyyəyə çatdırmaq istəyir. Onun “biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir” sözləri də bu fikri təsdiqləyir. Hesab edirəm Azərbaycanın yeni yaratdığı komando briqadasının Hadrutda yerləşməsi də təsadüfi deyil. Belə ki, prezidentin də qeyd etdiyi kimi, Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə daxildir. Yəni Hadrut separatçı-terrorçu rejimin tör-töküntülərinin qaldığı ərazilərə çox yaxındır. Bu ərazidən həm separatçılara nəzarət etmək, hətta gələcəkdə ehtimal anti-terror əməliyyatı üçün istifadə etmək olar. Bu mənada Türkiyə təcrübəsi əsasında yaradılan komando briqadalarının əsas vəzifəsinin gələcəkdə terrorçulara qarşı əməliyyatlar olduğunu deyə bilərik.

Ölkə başçısının hərbi hissənin açılışı sonrası komandoların simvolu sayılan göy rəngli bereti taxması da mühüm mesaj idi. Ali Baş Komandan bununla faktiki olaraq burada yerləşən komando birliklərinin “kölgəsi”-nin davamlı olaraq separatçıların başı üzərində olacağı mesajını vermiş oldu.

Turan Rzayev-siyasi ekspert
Xəbəri paylaş