Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hadrutda hərbi hissənin açılması cənab Prezidentin aylar öncə anons etdiyi hədəflərimizdən birinin öz təsdiqini tapmasıdır

Hadrutda hərbi hissənin açılması cənab Prezidentin aylar öncə anons etdiyi hədəflərimizdən birinin öz təsdiqini tapmasıdır


Newscenter.az.26.12.2021. Hadrutda Komando hərbi hissəsinin açılması və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həmin hərbi hissənin açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlərin Ermənistan mediası və ictimaiyyətində təşviş doğurması anlaşılandır. Onlar bir daha əyani surətdə görür və anlayırlar ki, revanşist hisslər və planlarla yaşamağın heç bir perspektivi yoxdur. Çünki rəsmi Bakı ölkənin ərazi bütövlüyünü təhdid edən risklərin qarşısını qətiyyətlə alacaq. İlham Əliyev həmin çıxışı zamanı tamamilə haqlı olaraq qeyd etdi ki, bu gün Ermənistan ordusu yoxdur, buna baxmayaraq əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa çalışarsa, onların sonu İkinci Qarabağ müharibəsindəki kimi olacaq.

Soçi və Brüssel görüşlərindən sonra bir qədər ümidlənmiş bəzi ermənilərdə yenidən Hadrutu, Şuşanı geri almaq kimi sərsəm xəyallara birdəfəlik son qoymaq üçün Azərbaycan Prezidentinin belə bir tonda, belə bir qətiyyətlə ifadə olunan xəbərdarlığına həqiqətən də ciddi ehtiyac vardı. Üstəlik də bu xəbərdarlığın həm də məhz Hadrutda Komando tipli hərbi hissənin açılışı ilə müşayiət olunması qarşı tərəfə verilmiş kifayət qədər uğurlu və sərt mesaj idi. Xatırlayırsınızsa, İlham Əliyev bundan daha öncə də vurğulamışdı ki, Azərbaycan ordusu Türkiyə ordusu təcrübəsinə əsaslanaraq daha da təkmilləşdiriləcək. Hadrutda sözügedən hərbi hissənin açılması cənab Prezidentin aylar öncə anons etdiyi hədəflərimizdən birinin öz təsdiqini tapmasıdır.

Bu istiqamətdə atılmış real addımlar artıq öz nəticəsini göstərir. Bildiyiniz kimi Komando hərbi hissəsində xidmət aparan hər bir əsgərimiz qardaş Türkiyədə təlim keçib. Hadrut qəsəbəsində belə bir hərbi hissənin açılması düşmənə daha çevik surətdə cavab vermək, daha ağır zərbə vurmaq imkanı verəcək. Odur ki, erməni tərəfi nə revanşizmə can atmamalı, nədəki terror və təxribat planlarını həyata keçirməyə cəhd göstərməməlidir. Düşmən bilməlidir ki, Hadrutda Komando hərbi hissəsinin açılması nə Ermənistana, nədəki Xankəndidəki separatçılara bölgədə hər hansı bir terror, təxribat əməlləri üçün zərrə qədər də şans buraxmır. Bu elit hərbi hissə ərazilərimizin təhlükəsizliyinin təmin olunması üçün kifayət qədər peşəkarlığa və yüksək döyüş qabiliyyətinə malikdir. Ona görə də Ermənistan rəhbərliyi və separatçılar odla oynamaq niyyətlərindən birmənalı surətdə əl çəkməli, sülh mövqeyinə keçmək haqda düşünməlidirlər.

Dövlət başçımızın da qeyd etdiyi kimi "Azərbaycan özünə qarşı təhlükə hiss edərsə, onun qarşısını almaq üçün dərhal addımlar atmağa hazırdır. Biz heç vaxt xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə təhdidlərə yol verə bilmərik. Əgər biz o təhlükəni görsək, hətta ölkədən kənarda belə, heç kim bizə mane ola bilməz". Zənnimcə, bu, təkcə erməni revanşistlərinə deyil, onların havadarlarına, Ermənistandan və separatçılardan öz geosiyasi məqsədləri üçün alət kimi istifadə edən bəzi xarici güclərə də açıq mesajdır. Mən Komando hərbi hissəsindəki igidlərimizə uğurlar diləyirəm! Torpaqlarımız sizə əmanətdir!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş