Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Metronun Yeni il qatarı bu gündən Şaxta baba və Qar qız sorağı ilə xətdə olacaq-VIDEO



Newscenter.az.26.12.2021. Bakı Metropolitenində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il mövzusunda tərtib edilmiş qatar tərkibi buraxılıb. Bu qatar yeni ilin ilk günlərinə qədər hərəkət cədvəli ilə müəyyən olunmuş marşrut üzrə gün ərzində hərəkət edəcək.

Newscenter.az xəbər verir ki, bu fikirləri "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

"Yeni il qatarı bu gündən Şaxta baba və Qar qız sorağı ilə xəttə çıxır. Hər gün xətdə olacaq", - B.Məmmədov bildirib.

“2022-ci ilə sayılı günlər qaldığı bir vaxtda Yeni ilin gəlişini bildirən və bayram əhval-ruhiyyəsi hiss etdirən bəzədilmiş şam ağacları metropolitenin şəhər mərkəzinə yaxın, habelə üç xəttin əsas stansiyalarının vestibüllərində qoyulub. Onlar Qırmızı xəttin “İçərişəhər”, “28 May” və “Koroğlu”, Yaşıl xəttin “Elmlər Akademiyası” və Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının vestibüllərində quraşdırılıb”, - B.Məmmədov qeyd edib.

O, əlavə edib ki, metropolitendə bayram ovqatlı rəngarəng tədbirlər isə dekabrın 29-dan başlayaraq yeni ilin ilk gününə qədər davam edəcək: “Dekabrın 29-30-da Yeni il bayramının əsas qəhrəmanları olan Şaxta baba və Qar qız sərnişinlərlə görüşə gələcəklər. Hər il bu ənənələrə yenilik gətirən təşkilatçılar bu dəfə də tam fərqli layihə ilə azyaşlı sərnişinlərini sevindirəcəklər. “İçərişəhər” stansiyasının vestibülündə paytaxt sakinləri və qonaqlarına maraqlı yeni il şousu təqdim ediləcək. Məşhur nağıl və cizgi qəhrəmanları, sehrbazlar metropolitenin azyaşlı sərnişinlərini əyləndirəcək, onları müxtəlif hədiyyələrlə sevindirəcəklər. Böyük şou-tamaşa nəinki azyaşlı sərnişinlərə, həmçinin tədbir ziyarətçilərinə əyləncəli unudulmaz anlar yaşadacaq”.

Dekabrın 31-i və yanvarın 1-də isə metropolitenin daha bir ənənəsinə uyğun olaraq, konsert proqramı təşkil ediləcək. “İçərişəhər” və “28 May” stansiyalarında Azərbaycan Milli Konservatoriyası və Bakı Musiqi Akademiyasının peşəkar məzunlarından ibarət simli kvartet canlı musiqi sədaları ilə sərnişinlərin bayram ovqatını daha da yüksəldəcək.



Sevinc
Xəbəri paylaş