Newscenter.az.27.12.2021. 2021-ci ildə də sosial sahədə çoxsaylı qanunlar qəbul olundu, fərman və sərəncamlar imzalandı, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi. Bu sosial tədbirlər cəmiyyətin bütün təbəqələrini əhatə etdi.
İlin sonunda əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə imzalanan müvafiq fərman və sərəncamlarla əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, minimum əməkhaqqının, əmək pensiyalarının, bir sıra sosial müavinətlərin artırılmasının şahidi olduq. Əlavə gəlirlər, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldildi. Azərbaycanda sosial siyasətin mərkəzində insan amilinin dayandığının, Prezident İlham Əliyevin “iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır” fikrinin bir daha təsdiqinin şahidi olduq. Prezident İlham Əliyevin imzaladığı yeni sərəncam və fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsini təmin etdi.
Newscenter.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Pərvin Kərimzadə söyləyib.
O deyib ki, dövlətimizin başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il oktyabrın 16-da imzaladığı Sərəncamına əsasən yeni islahatlar mərhələsinə başlanılıb. Bu islahatlar üzrə əməkhaqlarında, müavinət və təqaüdlərdə artımlar 2022-ci ilin əvvəlindən tətbiq olunacaq. 2,1 milyondan çox şəxsi əhatə edən yeni artımlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub.
Pərvin Kərimzadənin sözlərinə görə Prezident İlham Əliyev ictimaiyyət qarşısında etdiyi çıxışlarında, həmçinin dövlət rəsmilərinin iştirakı ilə keçirilən müşavirələrdə səsləndirdiyi “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial-rifah halının daha da yaxşılaşdırılması dayanır”, – fikri real həyatda atılan addımlarla üst-üstə düşür. Yəni, verilən vədlər əməli tədbirlərlə bir-birini tamamlayır.
“Bu gün Azərbaycan Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində güclü dayaqlara malik və milli maraqlarını qətiyyətlə qoruyan dövlətə çevrilib. Cənubi Qafqazın bütün parametrlər baxımından lider dövləti statusunu inamla daşıyan Azərbaycanın güclü potensialına əsaslanan və qlobal miqyasda meydana çıxan yeni çağırışlarla uzlaşan nümunəvi inkişaf modeli bütün dünyada yüksək qiymətləndirilir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirilməsi nəticəsində istər daxili, istərsə də xarici arenada Azərbaycanın strateji uğurları durmadan artır”, - deyə Milli Məclisin deputatı bildirib.
Ölkənin hərbi gücü artdıqca, iqtisadi potensialı gücləndikcə geniş sosial layihələrin həyata keçirildiyini vurğulayan Pərvin Kərimzadə deyib: “Hər bir azərbaycanlının yanında olan, onların problemləri ilə maraqlanan dövlətimizin başçısı şəhid ailələrinə, müharibə veteranlarına və əlillərinə daim xüsusi qayğı ilə yanaşıb. Postmüharibə dövründə sosial dəstək paketi artıq 40 min insanı əhatə edib. Onlara sosial dəstək yönümlü 46 min xidmət göstərilib. Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə əlilləri olan 10 min 351 şəxsə 20 min 644 sosial ödəniş (Azərbaycan Prezidentinin aylıq təqaüdü, pensiya, müavinət) təyin edilib. 2021-ci ildə daha 164 avtomobil, ümumilikdə isə 7400-ə yaxın avtomobil müharibə əlillərinə təqdim olunub. Dövlətimizin başçısının 2021-ci il 25 yanvar tarixli Sərəncamı ilə şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı dəfələrlə genişləndirilib: 2014-2019-cu illərdə uçota alınmış şəxslər, həmçinin 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələri, bu müharibənin əlillərinin 2021- 2025-ci illərdə mərhələli şəkildə 11 min mənzil və ya fərdi evlərlə təmin olunması nəzərdə tutulub. Onlara 2021-ci il üzrə 3 min, yəni 2018-ci ilə nisbətən 5 dəfə çox mənzil və fərdi evin təqdim edilməsi işləri aparılır və artıq bu il 2700-dən çox mənzil bu kateqoriyadan olanlara verilib. Ötən illər ərzində 12 minədək şəhid ailəsi və müharibə əlilli mənzil və fərdi evlə təmin olunub”.
Dünyada özünü sosial dövlət kimi təsdiq edən Azərbaycanda atılan hər addım, imzalanan fərman və sərəncamlar bir daha göstərdi ki, ölkədə həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır və dövlət öz vətəndaşının yüksək rifahının təminatçısıdır.