Newscenter.az.27.12.2021 Prezident İlham Əliyevin hər il ad günündə Azərbaycanın bölgələrinə səfər edərək sakinlərlə görüşlər keçirməsi artıq bir ənənə halını alıb. Bu il də həmin ənənə davam etdirildi. Dekabrın 24-də Azərbaycan Prezidenti ailəsi ilə birlikdə işğaldan azad olunmuş Xocavəndə və Şuşaya səfər etdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova söyləyib.
J.Əhmədova bildirib ki, səfər çərçivəsində Prezident İlham Əliyev Hadrutda yeni hərbi hissənin açılışı nı edərək strateji əhəmiyyət daşıyan bu bölgədə Ordumuzun daha da gücləndiyini, müharibədən sonra ölkəmizdə ordu quruculuğu prosesinin dayandırılmadığını, Ordumuzun təchizatı üçün ən müasir silahların, texnikaların gətirildiyini hər kəsə göstərdi. Biz bunu heç vaxt gizlətmirdik və işğal dövründə hərbi paradlarda dəfələrlə nümayiş etdirmişdik.
Bu hərbi hissənin açılması və burada yeni hərbi birləşmənin - Komando Briqadasının yaradılması bizim üçün yenilik olmaqla yanaşı, həm də hərbi gücümüzün artırılmasının göstəricisidir. Bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar.
Qeyd etmək istərdim ki, son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınır. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması, onların məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzindədir. 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunub. Cari ilin sonuna qədər daha 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Bütün bunlar göstərir ki, Ordumuz dövlətimiz tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daimi diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın Ordusu dünyada qalib ordu kimi tanınır.
Ötən il 44 günlük Vətən müharibəsində Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Şuşa əməliyyatı isə artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı müzakirə, təhlil olunur. Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız və Qarabağın tacı Şuşanı işğalçılardan azad etdilər.
Bu gün üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda, o cümlədən Şuşada dalğalanır. Bu müqəddəs məqsədə şəhidlərimizin qanı-canı bahasına nail olaraq Qarabağı işğaldan azad etmişik. Bu torpaqlar əsl sahiblərinə qayıdıb və bundan sonra Azərbaycan xalqı bu torpaqlarda əbədi yaşayacaqdır.