Newscenter.az.27.12.2021. Neftçala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə E.Həbibov adına 4 saylı məktəbdə və M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada “Ağ ölüm bəşəriyyətin bəlasıdır” və “Erkən nikaha yox deyək” mövzularında maarifləndirici tədbirlər keçirilib.
Newscenter.az xəbər verir ki, hər iki tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Cərbayıl Əhmədov narkotik vasitələrin məhvedici təsirləri barədə geniş məlumat verib. Bu maddələrin insan sağlamlığına vurduğu zərərlərdən danışan rəis müavini, bildirib ki, ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsində və bu bəlaya düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasında hüquq mühafizə orqanları ilə yanaşı, cəmiyyətin hər bir üzvü fəallıq göstərməlidir.
“Erkən nikaha qətiyyətlə yox deyək” mövzusunda çıxış edən iştirakçılar isə yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini bildiriblər.
Görüşlərin sonunda şagirdlərə narkotiklərin zərərli təsiri ilə bağlı videoçarx nümayiş etdirilib və onları maraqlandıran suallar cavablandırılıb.
XXX
Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə C.Cabbarlı adına 3 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Fuad Məmmədov müasir dövrümüzün ciddi bəlasına çevrilən və “Ağ ölüm” adlandırılan narkomaniyanın fəsadları barədə geniş məlumat verib. O, bildirib ki, narkotik qəbul etmək təklifinə aldanan gənclər çox vaxt bu vasitələrin təhlükəliliyi haqqında informasiyaya malik olmurlar. Hamin maddələrdən istifadə etdikdə isə onlarda dəhşətli vasitəyə ömürlük asılılıq yaranır və aludəşisinə çevrilirlər. Ona görə də, yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasında əsas vəzifə valideynlərin, müəllimlərin və bütün ziyalıların üzərinə düşür.
Daha sonra çıxış edən digər iştirakçılar erkən nikah mövzusunda danışaraq, şagirdlərə dəyərli tövsiyələr veriblər.
Tədbirin sonunda hüquq-mühafizə orqanlarının əməkdaşları şagirdləri maraqlandıran sualları cavablandırıblar.
XXX
Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Aşağı Kürkənd kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin, RMX-nın nümayəndələri, pedaqoji heyət və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən və asılılıqdan danışaraq, ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. O, qeyd edib ki, narkotik vasitələrdən istifadə edənlərin heç bir uğurlu gələcəyi olmur, onlar cəmiyyətdən həmişə geridə qalır və aludəçisi olduqları narkotik vasitələrin fəsadlarından qurtula bilmirlər. Bu bəlaya düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasında isə cəmiyyətin hər bir üzvünün fəallıq göstərməsi və mənəvi dəstək olması ən vacib məsələlərdən biridir.
Sonra çıxış edənlər RPŞ-nin təşkilatçılığı ilə keçirilən belə tədbirlərin əhəmiyyətini qeyd edərək, milli-mənəvi dəyərlərin qorunub saxlanması və inkişafı məhz sağlam gəncliyimizdən asılı olduğunu bildiriblər.
Görüşün sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarx nümayiş etdirilib.
Mehman