Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha bir turizm əhəmiyyətli avtomobil yolu-VİDEO



Newscenter.az.28.12.2021. Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, ölkə əhəmiyyətli yolların inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası ilə həm vətəndaşların rahat gediş-gəlişi təmin olunur, həm də ölkəmizin turizm potensialı daha da genişləndirilir.

Bütün fəsillərdə aktual olan turizm növlərindən biri dağ turizmidir. Dağ turizmini inkişaf etdirmək və insanların səmərəli istirahətini təmin etmək məqsədi ilə dövlət başçısının tapşırığı ilə bu istiqamətdə avtomobil yolları yenidən qurulub və qurulmaqda davam edir.

Newscenter.az. Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu tapşırığın icrası ilə əlaqədar olaraq əsaslı şəkildə yenidən qurulan respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun Gəncə-Toğanalı (Göygöl-Maralgöl) hissəsidir.

Respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 38 km-lik Gəncə-Toğanalı (Göygöl-Maralgöl) hissəsinin yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 mərhələ üzrə həyata keçirilib. 1-ci mərhələ üzrə sözügedən yolun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsi yenidən qurulub. 2-ci mərhələ üzrə isə 21.5 km-lik Yeni Zod-Göygöl-Maralgöl hissəsinin yenidən qurulması işləri icra olunub.

Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol əsası və yol geyimi deformasiyaya uğramış, yolda çalalar və çökmələr əmələ gəlmiş, en və uzunluq profilləri pozulmuş, çiyinlər çökmüş və atmosfer yağıntılarından yuyulmuşdur. Göstərilən çatışmazlıqları aradan qaldırmaq üçün yolun III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılıb.

Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü sökülüb, sökülmüş hissələrdə həmçinin zəruri digər ərazilərdə torpaq işləri görülüb, yeni yol yatağı və yol əsası inşa olunub. Ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Mövcud boruların bəzilərinin özü, bəzilərinin isə başlıqları yararsız olduğu üçün müxtəlif diametrli yeni metal və dəmir-beton suötürücü borular quraşdırılıb. Bundan başqa 5 nöqtədə düzbucaqlı su keçidləri inşa olunub, 30 metr uzunluğunda 1 mövcud körpü isə əsaslı şəkildə təmir edilib.

Layihəyə uyğun olaraq sürüşmə ehtimalı olan ərazilərdə və zəruri olan digər yerlərdə istinad divarları bərpa edilib, küvet hissələr, həmçinin hərəkətin təhlükəsizliyi üçün monolit dəmir betondan parapetlər tökülüb.

Tikinti layihəsinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu siqnal dirəyi, yol nişanı və məlumatverici lövhə, km göstəricisi quraşdırılıb, üfiqi nişanlanma xətləri çəkilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, texnoloji ardıcıllığa riayət olunmaqla aparılan bərpa işləri Gəncə-Toğanalı (Göygöl-Maralgöl) yolu boyunca yerləşən yaşayış məntəqələrinin əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla yanaşı, yoldan istifadə edən turistlərin də rahat şəkildə hərəkət etməsinə imkan yaratmaqla dağ turizminin inkişafına gətirib çıxaracaq. Bu isə öz növbəsində yol boyu yaşayan əhalinin maddi rifahının yüksəlməsi və müxtəlifyönlü, səmərəli işlərin reallaşması deməkdir.



Sevinc
Xəbəri paylaş