Newscenter.az.30.12.2021. Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, dünya azərbaycanlılarının həmrəyliyi günü hər bir azərbaycanlı üçün əzizdir. Bu gün xalqımız bu əlamətdar günü daha mütəşəkkil, daha təşkilatlanmış və müqəddəs amallar ətrafında birləşərək qeyd edir. Təbii ki, bunun da səbəbi ötən 30 il ərzində bu sahədə aparılmış məqsədyönlü dövlət siyasətidir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova söyləyib.
J.Əhmədova bildirib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunmasının əsası qoyuldu. Naxçıvan Ali Məclisində bu barədə qəbul olunmuş qərarla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edildi və dekabrın 25-də Ali Sovet müraciəti nəzərə alaraq, dekabrın 31-nin dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul etdi. O vaxtdan ötən 30 il ərzində bütün dünya azərbaycanlıları bu günü rəsmi bayram kimi qeyd edir.
Xalqın həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasəti yürüdən ulu öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problemləri və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi və Qurultaydan sonra isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təkan verən mühüm addımlar idi.
Ulu Öndərin milli həmrəylik sahəsində xidmətlərini uğurla davam etdirən Prezident İlham Əliyevin səmərəli siyasəti sayəsində Heydər Əliyevin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır.
Dövlətimizin başçısı İlham Əliyevin imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının ikinci, 2011-ci il iyulun 5-6-da üçüncü, 2016-cı il iyunun 3-4-də isə dördüncü qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə verdi. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda, qurultaylar dünya azərbaycanlılarının Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini bir daha göstərdi.
44 günlük Vətən müharibəsində dünya azərbaycanlılarının həmrəyliyi tarixi Qələbəmizi daha inamlı etdi. Müqəddəs savaşımız zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrinin təxribatlarına qarşı cəsarətli etirazları, dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin göstərilməsi işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu.
Ruhiyyə