Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polad Həşimov sağ olsaydı , Kərim Vəliyev barədə şaiyə yayanları öz əlləri ilə boğardı



Newscenter.az.2.01.2022. Yeni ilin ilk günündə Şəhid generalımız Polad Həşimovun anası Səmayə xanımın çıxışını izlədim. Ziddiyyətli fikirlər məni düşünməyə məcbur etdi. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Onların qarşısında borcumuzu heç vaxt ödəyə bilməyəcəyik. Şəhid anaları da Şəhidlər qədər bizim üçün əzizdirlər. Onlara ehtiramımızı həmişə bildirmişik.

44 günlük müharibənin əksər günlərini cəbhə bölgəsində olduq , Füzulidən Goranboya qədər cəbhəboyu bölgələrdə Şəhidlərimizin dəfnində , yaslarında iştirak etdik , hər dəfə də Şəhid Analarının əllərindən öpdük , qarşılarında baş əydik. Belə də olmalıdır. İstəməzdim ki , Səmayə xanım kimlərinsə yanlışlığı ucbatından dövlətdən və cəmiyyətdən incik düşsün. Şəhidimiz Polad Həşimovun qətlə yetirilməsində kimlərin müqəssir olduğu bəllidir, bu cinayəti törədən əbədi düşmənimiz ermənilər və onların xaricdəki havadarıdır. Onlar bu cinayətlərini ört-basdır etmək üçün diqqəti Azərbaycanın daxilində düşmən axtarışına yönəldirlər. Düşmən Azərbaycan Ordusunun qələbəsini həzm edə bilmir , Qələbəmizə kölgə salmaq üçün daxilimizdə təxribatlar törətməyə çalışır. Biz gərək bu oyunlara imkan verməyək.

Mən bildiyimə görə Polad Həşimovla Kərim Vəliyevin xoş münasibətləri olub. Kərim Vəliyev İkinci Qarabağ müharibəsində ciddi rol oynayan hərbi komandanlarımızdandı. O , 44 günlük müharibəni əsgərlərlə birlikdə səngərlərdə olub. Yüksək səviyyəli döyüş generalımızdı. O , Polad Həşimov kimi həmişə sadə həyat tərzi ilə yaşayıb, dünya malında gözü olmayıb , təmannasız insan olub.Belə generalllarımızın qədrini bilməliyik .Onun Polad Həşimov və digər Şəhidlərimizin həlak olması ilə bağlı məlumatı necə həyəcanla , titrək səslə , ürək yanğısı ilə cəmiyyətə çatdırdığı hər kəsin yadındadı. Onu tanıyanlar sadə və təvazökər insan olduğunu deyirlər. Onun karyerasının Polad Həşimovla bağlı olmadığı da hər kəsə bəllidi , onlar tamamilə fərqli mövqelərdə idilər, bir-birlərinə rəqib deyildilər.

O , bu gün çoxlarının xoşuna gəlməyən , çoxlarının pozmaq istədiyi bir işlə məşğuldur , Ordumuzu təhlükəli və təxribatçı ünsürlərdən təmizləməyə çalışır. Bu işdə vətənpərvər insanlar ona dəstək olmalıdırlar. Bəziləri onun həyat yoldaşının rus olması ilə bağlı fikir bildirirlər. Doğru, ya yalan olduğunu bilmirəm. Amma Birinci Qarabağ müharibəsinin gedişində bu cür təxribatlardan geniş istifadə edirdilər .Məsələn , o vaxtın yeganə sərkərdəsi Şəhid Milli Qəhrəmanımız Şirin Mirzəyev haqqında deyirdilər ki , anası ermənidi. Şirin Mirzəyev bir gün xeyli adamı yığıb gətirir evlərinə , anasını çağırır çölə , deyir ki , ana , sən ermənisən. O da baxır o camaata deyir ki, Allah sizə ağıl versin , məndən erməni olar? İndi də bu cür təxribatlardan istifadə edirlər. Məncə , Polad Həşimov sağ olsaydı , Kərim Vəliyev barədə şaiyə yayanları öz əlləri ilə boğardı. İstənilən halda Səmayə xanımın dediklərinə hörmətlə yanaşır və hesab edirəm ki, məsul şəxslər tərəfindən diqqətə alınmalıdır. Şəhid generalımız Polad Həşimovun , bütün Şəhidlərimizin ruhları qarşısında , Şəhid Anası Səmayə Həşimovanın, bütün Şəhid Analarının qarşlsında baş əyir və dövlətimizin , millətimizin qarşısında məsuliyyətimi dərk edərək bu yazını yazmağı özümə borc bildim.

Akif Nağı-Qarabağ Azadlıq Təşkilatının sədri
Xəbəri paylaş