Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azadlığın, qurtuluşun, yeni Şuşa ilin mübarək, məğrur xalqım!



Newscenter.az.4.01.2022. Cəmi 4 gün əvvəl Ali Baş Komandanımız, yenilməz sərkərdəmiz İlham Əliyevin 2022 ci ili Şuşa ili elan etdi. 4 gündür ki, bu mübarək ilin ilk günlərini yaşayırıq! Şuşa adı çəkilərkən hər dəfə Müzəffər Ali Baş Komandanımız

Qarabağımızın ürəyi Şuşa şəhərinin işğaldan azad olunması müjdəsini xalqımıza çatdırması gözümün önündə canlanır.

«Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir» söyləyən cənab İlham Əliyev əminliklə bildirmişdir: «Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!»

Mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın, muğam sənətimizin beşiyi, qeyrətimizin, milli kimliyimizin simvolu Şuşanın, Şuşa qalasının işğaldan azad olunması xəbəri o qədər möhtəşəm, o qədər şanlı, o qədər qürurlu bir xəbər oldu ki, dünya dillərinin bütün söz və ifadələri, bədii təsvir vasitələri, metaforalar, təşbehlər bu hissi, bu duyğunu ifadə etməyə aciz qaldı. Bu xəbərin gətirdiyi əhval-ruhiyyə, yaratdığı izaholunmaz ovqat o qədər böyük, o qədər möcüzəvi və eyni zamanda qutsaldır ki, bütün bunları yazıya almaq, vərəqlərə köçürmək ya mümkün deyil, ya da olduqca çətindir.

Sentyabr ayının 27-dən mənfur düşmənlərimizin təxribatlarına cavab olaraq başlatdığımız uğrlu əks-hücum əməliyyatlarının tezliklə ildırım sürətli müharibəyə çevrilməsi, 30 illik işğala qısa müddətdə son qoyulması, nəhayət tariximizin ən şərəfli, ən böyük, ən qürurlu gününü yaşamağımızla -

Qarabağımızın ürəyi, baş tacımız Şuşa qalasının işğaldan azad edilməsi ilə milyon illik tariximizə ən parlaq, ən şanlı səhifələr yazıldı. Dəfələrlə “nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik” - deyən möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi ilə müzəffər ordumuz tarixi ədaləti bərpa etdi, Birləşmiş Millətlər Təşkilatının uzun illərdir ki, kağız üzərində qalan qətnamələri döyüş xəttində, səngərdə zabit və əsgərərimizin misilsiz qəhrəmanlıqları ilə həyata keçirildi. Ölkə Prezidentinin istər diplomatik cəbhədə, istərsə də döyüş xəttində qazandığı möhtəşəm nailiyyətlərdən aqoniya vəziyyətinə düşən mənfur qonşularımız və havadarları müzəffər Azərbaycan Ordusunun Şuşanın fəthi xəbərindən sonra özlərinə gələ bilmirlər və ölkə rəhbərimizin dediyi kimi, bir daha biz tərəfə baxmağa belə cəsarət etmirlər.

Vətən savaşının başladığı ilk gündən cəsarətli, prinsipal və ardıcıl mövqeyini ortaya qoyan möhtərəm Prezidentimiz Şuşasız bizim işimiz yarımçıq qalar - söylədi və verdiyi bütün vədlər kimi, bu vədini də ən qısa müddətdə yerinə yetirdi Ali Baş Komandanımız! Allaha şükürlər olsun ki, işimiz yarımçıq qalmadı, şəhidlərimizin qanı ilə boyanan müqəddəs bayrağımız Şuşa qalasına sancıldı. Dünyanın ən xoşbəxt əsgəridir Şuşa qalasına bayraq sancan əsgər! Dünyanın ən böyük sərkərdəsidir Şuşanı fəth edən Ali Baş Komandan! Dünyanın ən böyük xalqıdır Şuşaya sahib olan xalq! Möhtəşəmsən, əsgərim! Yenilməzsən, Ali Baş Komandanım! Əyilməzsən, məğrur xalqım!

Əziz Şuşa! 28 il sənin işğal gününü - o məşum 8 may tarixini dərin hüzn və kədərlə andıq. O gün yaddaşlara ən qiymətli sərvətimizin itən günü, qürurumuzun sınan günü, Qarabağ dağlarında Günəşin batan günü kimi həkk olundu. Ancaq nəhayət ki, ötən il noyabrın 8-də sənin qarlı zirvələrinə də Günəş doğdu - azadlıq Günəşi. Uğrunda ölən və ölməyə hazır olan Vətən oğulları və düşmənin başını əzən "dəmir yumruq" müqəddəs torpağını yenidən Vətən etdi.

Biz bu il Şuşa ili yaşayırıq.

Şuşa ilinin qədəmləri mübarək olsun, yenilməz xalqım. Gözün aydın olsun, əzəmətli Şuşa Qalası artıq hamı şuşalıdır, daha da gur çağla, İsa bulağı! Lalələrin, nərgizlərin bir daha solmasın, Cıdır düzü, həsrətdən, xiffətdən boynun bükülməsin, daim üzün gülsün, Xarı bülbül, qonaqların aşıb-daşsın, Karvansaray, duaların qəbul olunsun, Gövhər Ağa məscidi!

Ruhun şad olsun, Pənahəli xan Cavanşir, tikdirdiyin Şuşa qalasında üçrəngli Azərbaycan bayrağı dalğalanır. Ruhun şad olsun, Xan qızı Natəvan, Şuşaya çəkdirdiyin “Xan qızı bulağı” bundan sonra daha gur axacaq. Ruhun şaddır, Molla Pənah Vaqif, Şuşada qoşduğun gözləlləmələr daha şövqlə səslənəcək dilimizdə bundan sonra.

Ruhun şaddır, Üzeyir bəy, “Koroğlu” üverturası Şuşanın əzəmətli zirvələri, quşqonmaz qayaları ilə baş-başa, səs-səsə verib daha əzəmətli səslənəcək bundan sonra.

Ruhun şaddır, Xan əmi, Şuşanın dağları daha dumanlı deyil...

Ruhun şaddır, Qasım bəy Zakir, Mir Mövsüm Nəvvab, Nəcəf bəy Vəzirov, Cabbar Qaryağdıoğlu, Əhməd bəy Ağaoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Bülbül, Lətif Kərimov, Niyazi, Rəşid Behbudov, Şirin Mirzəyev, Ramiz Qəmbərov...

Ruhun şad olsun, “Şuşa Azərbaycanın ən əziz və ən böyük tarixi olan bir guşəsidir” - söyləyən, hər zaman Şuşa ilə nəfəs alan, Şuşada Vaqifə, Xan qızı Natəvana abidələr ucaldan ulu öndərimiz Heydər Əliyev. Şuşanın ən uca zirvəsində sənin heykəlin ucaldılacaq - xalqımızın qəlbində çoxdan ucalmış heykəlin!

Gözün aydın olsun, “Şuşasız bizim işimiz yarımçıq qalar” - deyən və bu haqq işini qeyrətlə, cəsarətlə, əzmlə başa çatdıran Ali Baş Komandanım! 2016-cı ilin aprel zəfərindən sonra Qarabağa qayıdışımızın simvolu olan Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərini tikməklə müqəddəs Şuşamızı heç zaman unutmadığınızı bir daha nümayiş etdirmişdiniz və bununla ən yaxın zamanda müqəddəs şəhərimizin - Şuşamızın işğaldan azad ediləcəyinin mesajını vermişdiniz! Qədirbilən xalqımız bilirdi ki, Sizin kimi Prezidentlə, Sizin kimi Ali Baş Komandanla o gün uzaqda deyil. Dorğudan da uzaqda deyilmiş o möhtəşəm gün!

Bu gün o bəxtəvər ilin ilk günlərinin sevincini yaşayırıq. Bəxtəvərsən Azərbaycan, Şuşada bayrağımız dalğalanır! Əsgərlərimiz Şuşadan raport verir. Şuşa məscidindən 28 il sonra azan səsləri eşidilir. Duaların qəbul oldu, Azərbaycan! Allah səni hifz etdi. Dünya durduqca var ol, məmləkətim!
Bu gün doğma Azərbaycanımızın hər bir guşəsində olduğu kimi, Şuşada asılan üçrəngli bayraqlarımız daha əzəmətlə, qürurla dalğalanır. Şuşanı görməyənlər Şuşa ilində müqəddəs torpağı ziyarət edəcəyinin əminlik həyəcanı içindədir. Hər kəs bu möhtəşəm günü yaşayacaq, hamı bu möcüzəni bizə yaşatdığı üçün cənab Prezidentimizə, Ali Baş Komandanımıza müzəffər ordumuza sonsuz ehtiramını bildirir. Hər kəs tezliklə müqəddəs şəhərimizə - Şuşamıza gedəcəyi günü səbirsizliklə gözləyir...

Şuşa ilimiz mübarək!
Hər birimiz şuşalıyıq!

Aygül Bağırova-YAP fəalı
Xəbəri paylaş