Newscenter.az.7.01.2022. Kaspersky-nin keçirdiyi qlobal sorğuda* iştirak edənlərin yarısından çoxu (57%) qeyd edib ki, tərəf müqabilləri (həyat yoldaşı, sevgili və s.) onların smartfon şifrələrini bilir, 56% isə öz növbəsində bildirib ki, onlar öz tərəf müqabillərinin telefon şifrələrindən məlumatlıdırlar. Bundan başqa, respondentlərin 42%-i ailə üzvlərinin onların iCloud və ya Google hesablarına girişə malik olmasını təbii hal hesab edir.
Sorğu iştirakçılarının dörddə biri (25%) hesab edir ki, tərəf müqabilinin internetdəki fəaliyyətini izləmək onun icazəsi əsasında məqbul sayıla bilər, çünki onların fikrincə münasibət tam şəffaf olmalıdır. Respondentlərin təxminən yarısı (46%) öz tərəf müqabilinə kontakt siyahısını göstərməyə, elə bir o qədəri də sosial şəbəkə fəaliyyəti haqqında danışmağa hazırdır; 40% mətn mesajlarını, 35% gelokasiyanı, 38% ödəniş tarixçəsini, 30% isə şifrə və yazışmaları paylaşmaqda bir problem görmür.
“Sağlam münasibətlərin kökündə güvən dayanır, amma şəxsi sərhədləri gözləmək də vacibdir, o cümlədən internetdə. Bugün rəqəmsal toxunulmazlıq ən fərqli üsullarla pozula bilər, məsələn, bunun üçün stalker (təqib) proqramlarından** istifadə edə bilərlər. Bu cür pozuntunun nəticəsi çox müxtəlif və olduqca acınacaqlı ola bilər. Bundan əlavə, doksinq deyilən bir fenomen də mövcuddur. Elə hallar olur ki, bədxahlar bir insan haqqında internetdə yayılması həmin adama zərər vura biləcək hər hansı bir məlumat yerləşdirirlər”, - deyə Kaspersky-nin məzmun təhlili mütəxəssisi Anna Larkina qeyd edib.
“Rəqəmsal texnologiyalar yaxınlarımızla ünsiyyət üsulumuzu çoxdan dəyişib. Ailəvi söhbətlər, video zənglər, foto və maraqlı məlumatlar mübadiləsi adəti üsullara çevrilib. Amma bunlar bəzən bəd niyyətlər üçün istifadə edilə bilər. Biz insanların diqqətini texnologiyaların bu gün təmin etdiyi imkanlardan necə təhlükəsiz istifadə etməkdə maraqlı olmağa, şəxsi və ailə sərhədlərini bilməyə cəlb edirik, çünki bu, bir çox risklərdən qaçmağa kömək edəcək”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov izah edib.
Kaspersky “Doksinq: təhlükələr və qarşısının alınması üçün tədbilər” adlı pulsuz onlayn kursu işə salıb. Bu kurs məhz insanın rəqəmsal toxunulmazlığının necə pozula biləcəyi haqqında daha ətraflı öyrənməyə kömək edir. Kursa doksinqin nə olması, onun təhlükəli tərəfləri, onu ictimaiyyətə açıq mənbələrdə görmək istəmədiyiniz şəxsi məlumatlarınız arasında aşkarladığınız zaman nə etmək və rəqəmsal məxfiliyi necə saxlamaq barədə öyrədici videolar, məqalələr, yoxlama siyahıları daxildir. Kursu tam keçmək üçün cəmi 15-20 dəqiqə boş vaxt lazımdır.
Stalker Proqramları ilə Mübarizə Koalisiyası haqqında
Koalisiya təqib proqramlarının istifadə olunduğu şiddət, təcavüz və təqib halları ilə mübarizə aparmaq məqsədilə 2019-cu ilin noyabrında yaradılıb. Hazırda informasiya təhlükəsizliyi həlləri istehsalçıları və şiddət qurbanlarına kömək edən QHT-lər də daxil olmaqla, koalisiya 26 təşkilatı təmsil edir. Problemin qlobal sosial əhəmiyyətini və bu cür proqramların yeni nümunələrinin müntəzəm olaraq meydana çıxmasını nəzərə alaraq, Stalker Proqramları ilə Mübarizə Koalisiyası yeni ortaqlıqlara açıqdır və müxtəlif təşkilatları əməkdaşlığa təşviq edir. Daha çox məlumatı http://www.stopstalkerware.org/ saytında əldə edə bilərsiniz. Məlumatlar hazırda İngilis, Fransız, İtalyan, İspan, Alman və Portuqal dillərindədir.
* 2019-cu ilin noyabrında təsis edilmiş Stalker Proqramları ilə Mübarizə Koalisiyasının yaranış ildönümünə həsr edilən sorğu Kaspersky-nin sifarişi əsasında Sapio Research şirkəti tərəfindən 2021-ci ilin sentyabrında aparılıb. Sorğuda dünya üzrə 21 ölkədən 21,000 insan iştirak edib.
** Stalker proqramları – təqib üçün hazırlanmış və tez-tez gizli müşahidə və insanın şəxsi həyatına müdaxilə üçün istifadə edilən kommersiya proqramlarıdır, hansı ki. Stalker tətbiqlərinin köməyilə qurbanın mesaj, fotoşəkil, sosial şəbəkə səhifələri, geolokasiya məlumatları, audio və video yazıları (o cümlədən real-vaxt rejimində) kimi məlumatlarına giriş əldə etmək mümkündür. Belə bir casus proqramının xüsusi özəlliyi ondan ibarətdir ki, onun quraşdırılması və tənizmlənməsi üçün qurbanın cihazına fiziki çıxış lazımdır. Üstəlik, bu cür proqramlar gizli fon rejimində çalışır, qurban isə onun varlığından xəbər tutmur.