Newscenter.az.7.01.2022. Qazaxıstanda nəyin, necə, nə üçün baş verdiyini və pərdəarxasında kimlərin olduğunu artıq hər kəs yaxşı bilir. Ona görə də, geosiyasi və hərbi məsələlərin yaratdığı reallığı hər kəs qəbul etmək məcburiyyətində qalıb və sonrakı proseslərin gedişatını sadəcə izləməklə məşğuldur. Lakin diqqətdən kənar qalan məsələ barbar kütlənin, xalq adı ilə əlində silah vətəndaş müharibəsi törədən terrorçu qrupların ölkədə yaratdıqları xaos fonunda ortaya çıxmış sosial problemlərlə əlaqədardır.
Məsələ ondadır ki, bu gün dünyanın ən böyük taxıl istehsalçısı kimi tanınan Qazaxıstanda böyük çörək növbələri yaranıb. Qazaxıstanın böyük şəhərlərində iri supermarketlər yağmalandığından, dağıdıldığından ya bağlanıb, ya da ərzaq məhsullarının qiymətini qaldırıb. Hətta, bir sıra yerlərdə ərzaq çatışmazlığı səbəbindən uzun növbələr də formalaşıb. Eyni vəziyyət yanacaq sahəsində də var. Elə şəhərlər var ki, sürücülər yanacaqdoldurma məntəqələrində əlbəyaxa olur, uzun növbələrdə dayanmaqdan yaranan psixoloji gərginlik qanlı hadisələrə səbəb olur. Eləcə də, bir sıra şəhərlərdə bankomatlar işləmir. İnsanlar pullarını nağdlaşdırmaq üçün kilometrlərlə yol gedir, uzun növbələrdə dayanmaq məcburiyyətində qalır. Beləliklə də, kimlərinsə "xalq üsyanı", demokratikləşmə kimi qələmə verdiyi bu hadisələr Qazaxıstan xalqına böyük zərbələr vurdu. Heç kəs iddia edə bilməz ki, son hadisələr qazaxıstanlılara böyük sevinc, uğur gətirdi.
Bu hadisə bir daha onu göstərir ki, xalq özünə müxalifət deyən avantüristlərin çağırışlarına inanmamalı, daim dövlətin sabitliyi üçün hakimiyyətin ətrafında sıx birləşməlidir. Əgər xalq hakimiyyətini qorumasa, kənardan gələn ona əlindəki sabitliyi, rifahı, normal həyatı zəhər edəcək. Müxalifətə xaos üçün qrant verənlər heç zaman xalqın sabit və firavan yaşaması üçün şərait yaratmayacaq. Müxtəlif yollarla xalqın əlində, ovucunda olanı da oğurlayıb aparacaq. Bu səbəbdən də İraqı, Əfqanıstanı, Suriyanı, Misiri, Tunisi, Yəməni, Sudanı, Venesuelanı, hətta Ukrayna və Qazaxıstanı yaddan çıxarmamalıyıq, daim gözümüzün önündə pis nümunə kimi saxlamalıyıq...
P.S. Qazaxıstanda məlum hadisələr başlayanda sahibkarlardan biri terrorçulara çay və yemək daşıyırmış. Səhər işə gələndə görüb ki, çay və yemək verdikləri onun mağazasını dağıdıb, yağmalayıb. Bu da sizə yeni "demokratikləşmə" nümunəsi...
Ramil Vəlibəyov-YAP Nizami rayon təşkilatının sədri