Newscenter.az.8.01.2022. TƏBİB-in İdarə heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Lənkəran rayonuna səfər edib.
Newscenter.az xəbər verir ki, ilk olaraq Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Lənkəran Regional Perinatal Mərkəzdə aparılmış işlərlə tanış olub. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev cənub bölgəsində yaşayan əhaliyə xidmət göstərilməsi üçün müəssisənin ən yeni avadanlıqlarla təmin edildiyini qeyd edib. O, əhalinin tibbi xidmətə əlçatanlığının təmin edilməsi məqsədilə ixtisaslaşdırılmış kadrların cəlb edildiyini bildirib.
Daha sonra Mərkəzin binası ilə yaxından tanış olan Vüqar Qurbanov kollektivə tapşırıq və tövsiyələrini verib. V.Qurbanov Regional Perinatal Mərkəzin fəaliyyətə başlamasının olduqca mühüm hadisə olduğunu və Mərkəzin 9 rayonun əhalisinə xidmət göstərəcəyini bildirib. O, TƏBİB-in müvafiq şöbələri tərəfindən perinatal mərkəzlərdə çalışan həkimlərin bilik və bacarıqlarının artırılması istiqamətində müntəzəm olaraq təlimlərin keçirildiyini qeyd edib.
Məlumat üçün qeyd edək ki, Mərkəzdə ümumilikdə 76 çarpayı mövcuddur.
Sevinc