Newscenter.az.8.01.2022. 1991-ci il SSRİ dağıldıqdan sonra dünya bir müddət bir qütblü oldu. Bu qütbün mərkəzi isə ABŞ idi. Amma vaxt keçdikcə dünyanın bir qütbdən idarə olunmasının mümkünsüzlüyü ortaya çıxdı və artıq hər kəs dünyanın çoxqütblü idarə olunması reallığını qəbul etməyə başladırlar, baxmayaraq ki, bu yol münaqişələrdən, müharibələrdən, pandemiyalardan keçməkdədir.
Artıq dünyanın 3 qütbü demək olar ki, müəyyənləşibdir. ABŞ, ÇİN, Avropa Birliyi. 4-cü qütbə isə 2 namizəd var: Rusiya (+slavyanlar) və Türkiyə (+türk dünyası). Amma hər iki namizədin 4-cü qütb olması üçün üstünlük və çatışmazlıqları var.
Üstünlük - hər ikisinin 2-ci və 3-cü qütb arasında yerləşməsi, lazımı əhali və dilə sahib olması, zəngin təbii resurslar,hərbi imkanlarının yüksək olması.
Çatışmazlıqlar isə: güclü iqtisadiyyatın, lazımı texnologiyaların çatışmazlığı, xarici iqtisadi və siyasi müdaxilələrə həssas olmaları və s.
Yəni, bu artıq faktdır ki, nə SSRİ 2.0, nə də TURAN 2.0 dünyanı idarə edəcək 4-cü qütb olmaq imkanlarını nəzəri olaraq sahib deyillər.
Amma, əgər hər iki namizəd, yəni Türk Dünyası və Rusiya (müttəfiqləri) bir iqtisadi məkan altında birləşərsə onda bu gücün 4-cü qütb olma imkanları çox yüksələ bilər. Adını nə qoysaq belə, bizim üçün TURAN 2.0, ruslar üçün SSRİ 2.0 - doğru, strateji, hər kəsin milli maraqlarına xidmət edən ittifaqın qurulması zamanı bu regionda yaşayan bütün xalqlar yalnız uduş əldə edə, dünyanı idarə etmək kimi tarixi şansı əldə edə bilərlər.
Biz artıq qalib dövlətik, Beynəlxalq təşkilatlara rəhbərlik edirik. Belə görsənir ki, dünyada söz sahibi olmaq üçün türk dünyasının slavyanlara, slavyanların da türk dünyasına ehtiyacı var. İmperiya ambisiyaları, böyük-kiçik dövlət yanaşmaları olmadan. Diplomatiya və milli maraqlar romantizm serməzlər. Tarixin müxtəlif mərhələlərində yalnız düzgün qərar verən dövlətlər və xalqlar inkişaf edib gücləniblər.
Tahir Mirkişili-Milli Məclisin deputatı