Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat: Bütün dünya ecazkar və müqəddəs Şuşanın azərbaycanlılara məxsus olmasına şahidlik edəcək



Newscenter.az.9.01.2022. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri Azərbaycan mədəniyyətinə, incəsənətinə dahi şəxsiyyətlər bəxş edib. 28 ildən çox erməni işğalı altında qalmasına baxmayaraq, Şuşa öz əzəmətini, vüqarını itirməyib. Şuşa təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın mədəniyyət beşiyi – konservatoriyasıdır.

Bunu Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Deputat qeyd edib ki, ermənilər işğal dövründə Şuşanın adını dəyişmək istəsələr də, müqəddəs şəhərimiz bu ləkəni üstünə götürməyib. Düşmən şəhərdəki dini, tarixi abidələri dağıtsa da, Şuşanın dağ vüqarını sındıra bilməyib. Çünki Şuşa hər daşında, qayasında əcdadlarımızın izlərini, ruhunu yaşadır.

Şuşanın ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk hakimiyyəti dövründə daha da inkişaf etdiyini diqqətə çatdıran deputat bildirib ki, tarixi, dini abidələrimiz bərpa edilir, görkəmli şair və mütəfəkkir Molla Pənah Vaqifin əzəmətli məqbərəsi yenidən qurulub.

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın Cıdır düzündə yallı oynayan erməniləri diz çökdürdü. Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu darmadağın etdi. Artıq Şuşanın əsl sahibləri qayıdıblar. Qarabağı, ümumiyyətlə, Azərbaycanı Şuşasız təsəvvür etmək mümkün deyil. İşğaldan azad olunduqdan sonra Prezident İlham Əliyev Şuşa şəhərinə 7 dəfə səfər edib. Bu səfərlər zamanı dövlətimizin başçısı şəhərdə çox sayda tarixi, dini abidənin, yeni sosial obyektlərin bərpadan sonra açılışlarını edib, məktəb, xəstəxana və yaşayış məhəlləsinin təməlini qoyub. Bu gün Şuşa qədim koloritini qoruyub saxlamaqla müasir və möhtəşəm bir şəhərə çevrilməkdədir. 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra dövlətimizin başçısı Şuşanı “Azərbaycanın mədəniyyət paytaxtı” elan etdi. Qarabağın incisi olan Şuşa doğma sakinlərinə sevinclə qucaq açaraq indi rahat nəfəs alır. Yüksək sürətlə aparılan bərpa və quruculuq işləri nəticəsində Şuşa təkcə regionda deyil, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək”.

K.Əliyeva diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbriki və müraciətində 2022-ci ili "Şuşa İli" elan etdi və bununla bağlı Sərəncam imzaladı. 2022-ci ildə həm də Şuşanın 270 illik yubileyi böyük təntənə ilə qeyd olunacaq. Bu il Şuşada böyük musiqi festivalının da keçiriləcəyi, xarici qonaqların iştirakı ilə böyük tədbirlərin təşkil olunacağı gözlənilir. Beləliklə, bütün dünya bu ecazkar və müqəddəs şəhərin əsl sahiblərinin azərbaycanlılar olduğuna şahidlik edəcək.
Xəbəri paylaş