Newscenter.az.9.01.2022. Bir məktəb direktorunu iki şagirdə yüngül şillə vurduğu üçün günlərdir ittiham edirlər, söyürlər, işdən çıxarılmasını tələb edirlər. Ancaq hadisənin necə və niyə baş verdiyi haqqında sual verən yoxdur. Mən dəfələrlə bir çox məktəblərdə düzgün tərbiyə edilməyən, valideyin səhlənkarlığının qurbanına çevrilərək tamam öz yolunu itirən, nalayiq ifadələrdən istifadə edən 3-cü,4-cü,5-ci və.s sinif şagirdləri ilə rastlaşmışam. Məktəb təhsil ocağıdır. Məktəbdə təhsil verilməklə yanaşı uşaqları şəxsiyyət kimi formalaşdırmaq üçün onlara həyatda irəliləmək üçün düzgün istiqamətlər də göstərilir. Ancaq valideyinlərin səhlənkarlığı, diqqətsizliyi, məsuliyyətsizliyi nəticəsində, el dilində desək "pozulan" uşağı məktəbdə tərbiyə etmək üçün ona şillə vurublarsa, əcəb ediblər.
Uşaq dünyaya gələn kimi əlinə tutuzdururlar əl böyüklükdə planşeti uşaq da fikirini, düşüncəsini ancaq o, yöndə inkişaf etdirir. Hər birimizə məlumdur ki, müasir dövrdə texnologiyalardan həm müsbət həm də, mənfi istiqamətdə istifadə etmək mümkündür. Müsbət istiqamətlər üzrə istifadə edən uşaqlar (valideyinin bir başa nəzarəti ilə) gələcəkdə yüksək savada, tərbiyəyə, əxlaqa sahib olacaqlar. Məktəbdə təhsil aldıqları müddətdə də məktəb direktoru başda olmaqla bütün pedaqoji kollektivin rəğbətini qazanacaqlar. Ancaq əksinə valideyinlərindən heç bir tərbiyə almayan, texnologiyalardan mənfi istiqamətlər üzrə istifadə edib, öz düşüncəsini, təfəkkürünü zədələyənlər isə məktəbdə təhsil alarkən daim daxili nizam-intizam qaydalarını pozacaqlar, həmişə öz uyğunsuz hərəkətləri, tərbiyəsizlikləri ilə rəhbərliyi onları tənbeh etməyə məcbur edəcəklər.
Xahiş edirəm ki, kimisə ittiham edərkən məsələyə hər tərəfli və obyektiv yanaşın. Əgər o şagirdlərin tərbiyələrində problem varsa direktoru yox, onların valideyinlərini kəskin şəkildə qınaq atəşinə tutmağı daha məqsədəuyğun hesab edirəm. Əksinə şagirdlər direktorun "əsəbi" vaxtında haqsız yerə fiziki təsirə məruz qalıblarsa o, zaman bu məsələyə hüquqi qiymət verilməlidir!
Anar Salehoğlu