Newscenter.az.10.01.2022. Astarada qohum narkotacirlər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb.
Onlardan ümumilikdə 11 kiloqramdan artıq narkotik vasitə və 2 ədəd qanunsuz odlu silah aşkarlanaraq götürülüb.
Belə ki, Astara RPŞ-nin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakinləri - Cahid Hacıağazadə və qohumu Ramal Həmdəmov saxlanılıblar.
Keçirilən baxış zamanı C.Hacıağazadənin əlindəki torbadan 7 kiloqram 460 qram narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Araşdırma zamanı C.Hacıağazadənin həmin narkotik vasitəni qohumu, Astara rayon Pəlikeş kənd sakini Vüqar Vahabovdan əldə etdiyi müəyyən edilib və sonuncu polis əməkdaşları tərəfindən saxlanılıb.
V.Vahabovun yaşadığı evə keçirilən baxış zamanı oradan 2 kiloqram 230 qram marixuana və 1 ədəd qanunsuz olaraq saxladığı “Toz” markalı müvafiq sənədləri olmayan ov silahı və həmin silaha aid 26 ədəd patron aşkarlanaraq götürülüb.
Davam etdirilən əməliyyat tədbirləri ilə Vüqar Vahabovun həmin narkotik vasitəni qohumu, Züngüləş kənd sakini Tosif Məmmədovdan əldə etdiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən saxlanılan T.Məmmədovun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 320 qram marixuana və 1 ədəd qanunsuz olaraq saxladığı müvafiq sənədləri olmayan “İJ” markalı ov silahı aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Astara RPŞ-də araşdırma aparılır.