Newscenter.az.10.01.2022. "Qazaxıstanda baş verənlər çox faciəli, ağır hadisədir".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən sabiq millət vəkili Cahangir Hüseynov deyib ki, bu hadisələr dünyada gedən geosiyasi mürəkkəb proseslərlə bağlıdır. Qazaxıstanda zaman-zaman bu tipli hadisələrin baş verdiyini vurğulayan Cahangir Hüseynov 1986-cı ildə də Qazaxıstanda anoloji prosesin yaşandığını söyləyib:
"Həmin dövrdə Qazaxıstanda Mərkəzi Komitənin birinci katibi olan Kunayevi vəzifədən çıxararaq rusiya əsilli Kolbini bura birinci katib təyin etdilər. O zaman da qazax xalqı ayağa qalxdı və etirazlar nəticəsində Kobin hakimiyyətdən kənarlaşdırıldı və Nazarbayevi 1988-ci ildə Mərkəzi Komitənin birinci katibi təyin etdilər". Qazaxıstanda bir neçə dəfə olduğunu deyən sabiq millət vəkili 2004-cü ildə bu ölkədə keçirilən parlament seçkilərində müşahidə etmək üçün deputat kimi Azərbaycan parlamentinin nümayəndə heyətinin tərkibində bu ölkəyə getdiyini diqqətə çatdırıb: "Mən nümayəndə heyətinin tərkibində o zaman Qazaxıstanın paytaxtı sayılan Almatı şəhərində oldum. Onu da deyim ki, birinci dəfə idi ki, Qazaxıstanda olurdum və bu ölkədə böyük bir irəliləyiş, inkişafı müşahidə etdim. Həmin dövrdə Almatı şəhəri Orta Asiyanın Parisi adlandırılırdı".
Cahangir Hüseynov onu da qeyd edib ki, Qazaxıstanda olarkən bəzi prosesləri də müşahidə edib:
"O zaman mən hiss etdim ki, Avropa Birliyi və Amerika Qazaxıstana çox böyük investisiyalar qoyur. Həmin dövrdə Nazarbayevin həm MDB məkanənda, həm də Avropada çox böyük hörməti vardı. Qazaxıstanın inkişafı bir tərəfdən məhz bu amillə bağlı idi".
Cahangir Hüseynov Qazaxıstana KTMT qüvvələrinin yerləşdirilməsinə də toxunaraq bu ölkə rəhbərliyinin təhlükəsizliyi bərpa etmək üçün KTMT-yə müraciət etməsini doğru saymayıb. Sabiq millət vəkili əmin olduğunu bildirib ki, tEzliklə Qazaxıstanda hər şey qaydasına düşəcək və vəziyyət sabitləşəcək:
"Hesab edirəm ki, Qazaxıstanda baş verənləri istər Nazarbayev, istərsə də hazırkı prezident Tokayev indiki duruma çatdırmalı deyildilər. Yaxşı olardı ki, daxildə yaranmış bu problemi özləri həll edərdilər".
Cahangir Hüseynov hesab edir ki, tezliklə Rusiyanın daxilində də bu tipli etirazlar, daxili qarşıdurmaların baş verməsi mümkün görünür. Sabiq millət vəkili Azərbaycanın mövcud vəziyyətdə həyata keçirdiyi xarici siyasət kursuna da diqqət çəkərək bildirib ki, rəsmi Bakı indiki durumda Qərb modelinə üstünılük verməli və Qərblə münasibətləri daha da inkişaf etdirməlidir.
NEWSCENTER.AZ