Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan Rusiyaya və onun dostlarına Azərbaycanı hədəf göstərdi



Newscenter.az.10.01.2022. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin liderləri onlayn formada Qazaxıstandakı son olayları müzakirə ediblər. Rusiya prezidenti Vladimir Putin Qazaxıstandakı olaylarda Qərbə işarə edərək “rəngli inqilabların” qarşısını almaq üçün aralarındakı əməkdaşlığı gücləndirməyin vacibliyini vurğulayıb. Belarus prezidenti Aleksandr Lukaşenko isə “rəngli inqilabın” növbəti ünvanını – Özbəkistanı göstərib. Belarus prezidenti bu açıqlamasıyla bilərəkdən və ya bilməyərəkdən özü növbəti təlatümün düyməsinə basıb.

Ermənistanın baş naziri Nikol Paşinyan yaranmış fürsətdən istifadə edərək Qazaxıstandakı son olaylarla İkinci Qarabağ müharibəsi arasında bu cür paralel aparıb: “Qazaxıstanda olduğu kimi Dağlıq Qarabağda 44 günlük müharibədə kənardan terrorçular gətirilmişdi. Biz beynəlxalq terrorçularla üz-üzə qalmışdıq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətləri yeni təhlükələrlə üz- üzə qala bilər”.

Beləliklə, Paşinyan Rusiyaya və onun dostlarına Azərbaycanı hədəf göstərib. Paşinyan sanki demək istəyib ki, “Ermənistan beynəlxalq terrorçularla üzləşəndə Siz bizə dəstək vermədiniz, qoşunlarınızı göndərmədiniz, Qazaxıstana isə dərhal reaksiya verdiniz, gələn dəfə bizim çağırışı da eşidin”.
Əlbəttə, Paşinyanın növbəti sayaqlamasına fikir verməmək də olardı. Azərbaycan öz ərazisini azad etmək uğrunda savaşırdı, ordumuz üzərinə düşən etdi. Paşinyan isə yenə “beynəlxalq terrorçular” haqqında nağıl danışmağa çalışıb. Buna baxmayaraq, Qazaxıstandakı olaylar və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsi İrəvanı həvəsləndirib. Diqqətli olmalıyıq. İrəvan Azərbaycanla sərhəddə, o cümlədən Qarabağ separatçılarının əli ilə gərginliyi artırıb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət üçün bəhanə axtara bilər. Fikrimcə, Paşinyanın bugünkü sərsəmləməsinə rəsmi Bakı münasibət bildirməlidir ki, Ermənistanın dostları çaşıb təxribata uymasınlar.

Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri
Xəbəri paylaş