Newscenter.az.10.01.2022. Rusiya prezidenti Vladimir Putin keçmiş “SSRİ-ni bərpa etmək” istəyirsə deməli hələ uzun müddət hakimiyyətdə qalacaq. Çünki “SSRİ-nin bərpa çalışmalarına” uzun zaman lazımdır. Bunun üçün həm hədəf seçilən dövlətlərin parçalanması sürətlənməli, həm də yerlərdə tərəfdar qrupları fəallaşdırılmalıdırlar. Kremlin birinci hədəfi Ukraynadır. Qazaxıstandakı olaylar Kremli ikinci istiqaməti də fəallaşdırmağa sövq edir. Növbədə başqa dövlətlər də var.
Kreml sahibi Avropa dövlətlərini ABŞ-ın vassaları hesab edir və müxtəlif çıxışlarında buna eyham vurur. Vladimir Putinin məntiqinə görə, əgər Amerikanın vassalları varsa, ərazicə dünyanın ən böyük ölkəsi – Rusiyanın da vassalları olmalıdır. Sadəcə, Avropa ölkələrinin Amerika ilə strateji tərəfdaşlığı qarşılıqlı maraq üzərində qurulub. Kreml sahibi isə ətrafdakı ölkələri zorla Rusiyanın “strateji müttəfiqinə” çevirmək istəyir. Fərq bundadır.
Buna baxmayaraq, “SSRİ-nnin bərpa” əməliyyatının Kreml üçün bumeranq effekti olacaq. Müxtəlif ölkələrdə Rusiyanın ağalığını qəbul etmək istəyən qruplar olsa da, onlar milli qüvvələrlə üz-üzə qalacaqlar. Ukrayna, Qazaxıstan, Gürcüstan və Azərbaycandakı milli qüvvələr Rusiyanın vassalı olmaq istəmirlər. Kreml “SSRİ-nin bərpasını”, əslində isə Rusiya imperiyasının yeni libasda zühuruna çalışırsa, qonşu dövlətlərdəki milli qüvvələrin müqavimətini də hesaba qatmaq məcburiyyətindədir.
Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri