Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Azərbaycanda "Omikron" ştamının aşkarlanması əhalidən vaksinasiya prosesində daha fəal olmağı tələb edir



Newscenter.az.11.02.2022. Azərbaycanda koronavirusun "Omikron" ştamının aşkarlanması vətəndaşlardan daha çox məsuliyyət tələb edir. Məlumdur ki, artıq aylardır bu yeni ştam dünyada sürətlə yayılmaqdadır. Buna qədər dünya “Delta” ştamı ilə mübarizə aparırdı. 2021-ci ilin sonuncu həftəsi gündəlik yoluxma hallarının əksəriyyəti “Omikron“ ştamı ilə baş verir və bu ştam artıq dominanta çevrilib.

Newscenter.az xəbər verir ki. bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Onun sözlərinə görə, təcrübə də göstərir ki, bu yayılmaların qarşısını almaq mümkün deyil:

"Yeganə çıxış yolu yeni dalğalara qarşı mübarizə tədbirlərini gücləndirməkdir. Mütəxəssislər bu ştammın insanlar arasında qısa vaxtda çox sürətlə yayıldığını bildirirlər. Bir ayda yoluxma sayının 10 nəfərdən 4360 nəfərə çatması həqiqətən narahatlığa əsas yaradır. Mətbuatdan aldığımız məlumatlara görə, Avropada elə ölkələr var idi ki, orada gündəlik yoluxma sayı 120 mini ötürdü və üstəlik, bu, yalnız rəsmi rəqəm idi. Yoluxanların heç də hamısının test etdirmədiyini nəzərə alsaq, rəqəmlərin daha yüksək olduğunu söyləyə bilərik. Bəzi Avropa ölkələri artıq “Omikron”un qarşısını almaq və onun yayılma tempini zəiflətmək üçün karantin qaydalarını sərtləşdiriblər. Bəzi ölkələrdə bununla bağlı fövqəladə vəziyyət də elan olunub. Yəni, görünən budur ki, hər yeni ştam yeni təhlükədir. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, “Omikron”un koronavirusun digər variantları ilə müqayisədə daha yüksək sürətlə yayılması xəstəxanaya yerləşdirmə hallarının sayının artmasına və tibb işçiləri ilə səhiyyə sistemlərinə düşən yükün artmasına səbəb olacaq".

Millət vəkilinin qənaətincə, odur ki, hər bir vətəndaş bu təhlükənin ciddiliyini anlamalı və vaksinasiya prosesində daha fəal iştirak etməlidir:

"Çünki aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub".

Deputat onu da qeyd edib ki, “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir:

"Səhiyyə qurumlarının yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə dair çağırışına adekvat reaksiya vermək lazımdır. Təbii ki, vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Eyni zamanda fiziki məsafə, tibbi maskalardan istifadə, gigiyena qaydalarına vaxtında və düzgün riayət olunmalıdır".

Ruhiyyə
Xəbəri paylaş