Newscenter.az.11.01.2022. Azərbaycanda quşların hava elektrik verilişi xətlərinə toxunması nəticəsində yaralanması və məhv olmasının qarşısını almaq, eləcə də həmin xətləri qorumaq məqsədi ilə elektrik dayaqlarına xüsusi qurğular quraşdırılır.
Newscenter.az xəbər verir ki, “Azərenerji” ASC tərəfindən, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ilkin olaraq quşların ən çox tələf olduğu müşahidə edilən Goranboy, Yevlax, Bərdə, Ağcabədi, Salyan, Masallı və Ucar rayonlarının ərazisindən keçən hava xətlərində polimer materialdan hazırlanmış xüsusi konus tipli qurğular quraşdırılacaq. Növbəti mərhələdə bu cür qurğuların ölkənin digər rayonlarında da quraşdırılması nəzərdə tutulur.
Qeyd edilməlidir ki, təbii arealın itirilməsi, qanunsuz ovlanma və zəhərlənmə ilə yanaşı, elektrik xətləri ilə təmas quşların məhv olmasının əsas səbəblərindən biridir. Quşlar uçarkən və ya təhlükəli dirəklərə enərkən çox vaxt naqillərə toxunur və bəzən elektrik cərəyanı ilə vurulur.
Azərbaycanda quşların elektrik cərəyanı ilə vurulması və bununla bağlı xətlərdə qəza açılmaları halları əsasən ağaclar olmayan ərazilərdə quşların mövsümi miqrasiyası zamanı 110-330 kV-luq elektrik verilişi xətlərində müşahidə olunur. Təəssüf ki, elektrik cərəyanı vurması halları çox vaxtlar məhz iri quşlar, o cümlədən Azərbaycanın Qırmızı Kitabına daxil olan yırtıcı quşlar arasında baş verir.
Layihə çərçivəsində quraşdırılan qurğuların uzaq məsafədən diqqət çəkən parlaq rənqi və quşlara dirəklərdə yuva salmağa imkan verməyən forması həm quşların özünü, həm də elektrik xətlərini bu cür qarşılıqlı mənfi təsirdən qorumağa imkan verir.
Sevinc