Newscenter.az.12.01.2022. Ermənistan ordusu təxribata əl atdı. Kəlbəcər istiqamətində hərbçimiz şəhid oldu. Cavab atəşiylə Ermənistan ordusunun iki postu darmadağın edildi, xeyli itkisi var. Ermənistan rəhbərliyi cəmiyyətini qorxutmamaq üçün itkilərinin sayını hiss-hissə yayımlayır.
Sonuncu dəfə oxşar insident ötən ilin noyabrın əvvəlində qeydə alınmış, hər iki tərəf itki vermişdi. O zaman Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıya və İrəvana zəng etdikdən sonra vəziyyət müvəqqəti sabitləşdi. Noyabrın 26-da isə Rusiya, Azərbaycan və Ermənistan liderləri Soçidə üçtərəfli görüş keçirdilər. Görüşdən sonra yayımlanan açıqlamada bildirilirdi ki, kommunikasiya xətlərinin açılması və sərhədin müəyyənləşdirilməsi vacibdir. Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi məqsədilə Rusiyanın iştirakıyla növbəti üçtərəfli komissiya yaradılacağı açıqlandı.
Buna baxmayaraq, nə kommunikasiya xətlərinin açılması, nə də sərhədlərin müəyyənləşməsi məqsədilə ortaq komissiyanın yaradılmasından xəbər var. Azərbaycan və Ermənistan liderləri Soçi görüşündən təxminən iki həftə sonra Brüsseldə görüşdülər. Bu dəfə vasitəçi kimi Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel çıxış edirdi. Brüsseldəki görüşdə də sərhədlərin müəyyənləşməsi vacibliyi vurğulandı. Ancaq sərhəddə dünənki insident göstərdi ki, Soçi və Brüsseldəki razılaşmalar yerinə yetirilmir. Çünki nə qədər ki, tərəflər arasında sülh sazişi imzalanmayıb, nə qədər ki, sərhəd müəyyənləşməyib və nə qədər ki, razılaşmaların əksinə olaraq kommunikasiya xətləri açılmayıb sərhəddə gərginlik azalmayacaq.
Ermənistan hakimiyyətinin sərhəddə təxribatları artırmaqda başqa məqsədi də var, Qazaxıstandakı hadisələrdən həvəslənərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını oyuna cəlb etmək istəyirlər. Ermənistan təxribatlarla təşkilatın nəbzini yoxlayır, bundan sonra “bizə kömək edin” şəkilində müraciətləri istisna deyil. Ancaq bu nəbz yoxlaması baş nazir Nikol Paşinyana baha başa gələ bilər. Azərbaycan ordusu təxribata cavab olaraq Ermənistanın iki postunu dağıtdı və göstərdi ki, Ermənistanın dostlarının kimliyindən asılı olmayaraq bundan sonra da təxribatlarına artıqlamasıyla cavab veriləcək. Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı İrəvanın yalvarışlarına reaksiya verməyəcəksə erməni cəmiyyəti və müxalifət baş nazir Nikol Paşinyandan soruşacaq: “Bəs Rusiya və KTMT bizə niyə dəstək vermir?”
Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin sədri