Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Ermənistandan maksimum 6 ay müddətində cavab gözləmək limiti var



Newscenter.az.13.01.2022. Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Ermənistanın sərhəddə törətdiyi təxribatlara, bu ölkənin hazırkı rəhbərliyinin və keçmiş rəhbərlərinin (Köçəryan-Sərkisyan cütlüyü) revanşizmə meyllənməsinə, Laçın dəhlizinə nəzarət məsələsinə, Zəngəzur dəhlizinin perspektivlərinə və sülh sazişinə münasibət bildirilməsi baxımından olduqca önəmli açıqlamaları ilə diqqəti cəlb edir. Xüsusən də tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistana 6 ay vaxt verilməsi təqdirəlayiq addımdır.

Belə ki, Ermənistana altı ay vaxt qoyulur ki, o bu müddət ərzində həm ərazi bütövlüyümüzün tanınması, həm sərhədlərin müəyyən edilməsi (delimitasiya və demarkasiya), həm kommunikasiyaların (o cümlədən Zəngəzur dəhlizinin) açılmasına start verilməsi, həm də separatçıların və Ermənistan ordusunun silahlı törtöküntülərinin Azərbaycan ərazilərindən çıxarılması istiqamətində konkret və real addımlar atmalıdır. Əgər İrəvan bu məsələlərin icrasını süni surətdə yubatmağa davam edərsə və növbəti təxribatlara əl atarsa, o zaman Azərbaycan tərəfinin cavab tədbirləri həqiqətən də çox sərt olacaq. Bu baxımdan, Azərbaycanın sülh sazişi ilə əlaqədar Ermənistan üçün qoyduğu zaman sayğacı artıq geri sayıma başlayıb. Azərbaycanın Ermənistandan maksimum 6 ay müddətində cavab gözləmək limiti var.

Dövlət başçımızın ilin ilk müsahibəsində bu istiqamətdə verdiyi qətiyyətli mesajlar həm Ermənistan rəhbərliyinə, həm də Ermənistana havadarlıq etmək istəyən beynəlxalq güclərə ünvanlanıb. Nikol Paşinyan Ermənistanı hazırkı "dalan" vəziyyətindən xilas etmək istəyirsə, avantüralardan əl çəkməli, KTMT-nı bu və ya digər şəkildə proseslərə qoşmaq cəhdlərini bir kənara qoymalı və Azərbaycan liderinin mesajlarını düzgün dəyərləndirməlidir. Əks təqdirdə, yarım ildən sonra baş verə biləcək dramatik hadisələrin bütün məsuliyyəti yalnız Ermənistanın üzərində qalacaq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş