Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvanın gömrük orqanlarının illik fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunub



Newscenter.az.13.01.2022. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasından irəli gələn vəzifələr və 2021-ci il ərzində görülmüş işlər müzakirə olunub. Newscenter.az xəbər verir ki, bu məqsədlə keçirilən kollegiya iclasında komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli qeyd edib ki, hesabat dövrü ərzində gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin və daxili bazarın qorunması, hüquq-mühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gömrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyyət davam etdirilib.

Vurğulanıb ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük xidmətinin modernləşməsi, iş şəraitinin daha da yaxşılaşdırılması diqqətdə saxlanılıb. Sədərək Gömrük İdarəsi üçün qurulan müasir kompleksdə son tamamlanma işləri yekunlaşdırılıb. Naxçıvan Şəhər Gömrük İdarəsinin ərazisindəki kinoloji xidmət mərkəzində yenidənqurma işləri görülüb. Sədərək dövlət sərhədindən buraxılış məntəqəsində yük nəqliyyat vasitələrinin keçidinin və gömrük rəsmiləşməsinin sürətlənməsinə dəstək məqsədilə Sədərək Ticarətin Asanlaşması Mərkəzinin tikintisinə, həmçinin, tranzit nəqliyyat vasitələrinin muxtar respublika ərazisindən sürətli və təhlükəsiz keçidinin təmin edilməsi məqsədilə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsi üçün yeni yolun çəkilməsinə başlanılıb.

Qeyd olunub ki, hesabat dövründə iş prosesinin avtomatlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib. Gömrük rəsmiləşməsini aparacaq əməkdaşın sistem tərəfindən avtomatik seçilməsi, yeni proqram təminatı hazırlanmaqla gömrük bəyannaməsini təqdim edəcək gömrük təmsilçilərinin bölgüsünün elektron növbə prinsipi əsasında aparılması təmin olunub. Malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodlarının mərkəzləşdirilmiş bazası formalaşdırılıb, ölkəmizdə ilk dəfə olaraq karqo şirkətləri ilə gömrük orqanları arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsi təmin olunub.

Komitə sədri bildirib ki, muxtar respublika gömrük orqanları 2021-ci il ərzində 31 milyon 404 min manat vəsait toplayaraq büdcə öhdəliyini 107,7 % yerinə yetirib. Toplanmış gömrük ödənişləri Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 22,3 faizini təşkil edib.

Vurğulanıb ki, əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, texniki nəzarət vasitələrindən səmərəli istifadə, kinoloji xidmətin keyfiyyətinin yüksəldilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması nəticəsində gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə gücləndirilib. Gömrük orqanları tərəfindən 2021-ci ildə 113 inzibati, 4 cinayət xarakterli fakt aşkarlanıb, ümumilikdə 566 kq 530 qram narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçirilməsinin qarşısı alınıb.

Muxtar respublikada qəbul olunmuş Dövlət Proqramlarından, Ali Məclisin sessiyalarından, keçirilən müşavirələrdən irəli gələn vəzifələrin icrası istiqamətində gömrük orqanları tərəfindən işlər davam etdirilib. Daxili bazarın xarici təsirlərdən qorunması, yerli istehsalın, o cümlədən ailə təsərrüfatlarının dəstəklənməsi istiqamətində əlavə tədbirlər görülüb, muxtar respublikaya gətirilən malların keyfiyyətinə ciddi nəzarət edilib. Naxçıvanda "İxrac ili" olan 2021-ci ildə ixrac mallarının gömrük rəsmiləşməsinin asan və sürətli formada təmin edilməsi, "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə edən ixracatçıların sayının artırılması ilə muxtar respublikanın ixrac potensialının gücləndirilməsinə dəstək verilib.

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində gömrük-sərhəd buraxılış məntəqələrində profilaktik tədbirlər davam etdirilib, muxtar respublika ərazisinə daxil olan nəqliyyat vasitələri dezobaryerlərdən keçirilib, gömrük nəzarət zonaları mütəmadi dezinfeksiya edilib.

Gömrük orqanlarında kadr potensialının gücləndirilməsi və əməkdaşlarının peşəkarlığının artırılması məqsədilə ixtisaslaşma və təkmilləşmə proqramlarının həyata keçirildiyini vurğulayan komitə sədri "Avtonəqliyyat vasitələri üzərində gömrük baxışının aparılması", həmçinin, "Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən yüklərin müayinəsi, sərnişin keçid zallarında işin səmərəli təşkili və vətəndaşlarla rəftar" mövzularında təlimlərin gömrük işinin və gömrük nəzarətinin keyfiyyətinin artırılması baxımından səmərəli olduğunu qeyd edib.

Kollegiya iclasında Komitənin Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi bölməsinin böyük inspektoru, gömrük xidməti leytenantı Turqut Abbasovun Dövlət Proqramlarının icrası, daxili bazarın qorunması və gömrük nəzarətinin səmərəliliyinin artırılması, Əməliyyat və təhqiqat şöbəsinin rəisi, gömrük xidməti mayoru Mahir Orucovun hüquqpozmalara qarşı mübarizə, Texnoloji innovasiyalar və statistika bölməsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Emin Eylazovun iş prosesinin avtomatlaşdırılması istiqamətlərində 2021-ci ildə görülmüş işlərlə bağlı məruzələri dinlənilib. "Naxçıvanterminalkompleks" Birliyinin rəisi, gömrük xidməti polkovniki Namiq Şıxəliyev Birliyin illik fəaliyyəti ilə bağlı hesabat verib.

Kollegiya iclasına yekun vuran Komitə sədri hərtərəfli dövlət qayığısı ilə əhatə olunan gömrük orqanlarında işin keyfiyyətinin daha da yüksəldilməsi, vətəndaşlarla işin gücləndirilməsi, əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, kadrların ixtisaslaşması və peşəkarlığının artırılması istiqamətində təlimlərin davam etdirilməsi, qonşu ölkələrin milli valyutalarında kəskin dəyişikliklər zamanı daxili bazarın qorunması üçün əlavə tədbirlərin görülməsi, nizam-intizama ciddi əməl edilməsi, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə icra olunması ilə bağlı konkret tapşırıqlar verib.

Sonda kollegiya iclasının qərar hissəsi oxunaraq qəbul edilib.

Sevinc
Xəbəri paylaş