Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəsib Məhəməliyev: "Dövlətçiliyimiz üçün əsas təhlükə radikal dini fanatizm, cahillikdir"



"Onların cəmiyyətin müəyyən təbəqələri arasında dəstəyi var"

Newscenter.az.13.01.2022
. Milli Məclis payız sessiyasından sonra qış tətilinə çıxsa da, lakin əksər deputatlar tətil müddətində də iş başındadırlar və həm müntəzəm olaraq seçiciləri ilə görüşür, həm də gündəlik olaraq ölkədə və regionumuzda baş verən hadisələrlə bağlı öz fikirlərini bölüşürlər. Biz də bu fürsətdən istifadə edib Milli Məclisin deputatı Nəsib Məhəməliyevlə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə millət vəkili Qazaxıstan olayları və bu hadisələrdən ruhlanan radikal siyasi düşərgənin cəmiyyətə ünvünlanan mesajlarından da danışıb.

-Nəsib müəllim, öncəliklə sualım ondan ibarətdir ki, tətili necə keçirirsiniz? Bildiyimiz kimi parlament tətilə çıxıb.


-Bəli, parlament payız sessiyasından sonra qış tətilinə çıxıb. 10 günlüyə vətəndən kənara çıxmışam. Hər şey qaydasındadır.

-Parlamentin ötən müddətdəki fəaliyyətini səmərəli hesab etmək olarmı?

-Ötən müddət dedikdə, yəqin ki, 6-cı çağırış parlamenti nəzərdə tutursunuz. Hesab edirəm ki, yeni seçilmiş parlament, qanunların operativliyinin təmin olunması baxımından məhsuldar, bir çox yeniliklərlə seçildi. Nəzərə almaq lazımdır ki, son iki ildə Azərbaycanın ictimai-siyasi həyatında tarixi hadisələr, köklü dəyişiklər baş verib. COVİD-19-la bağlı pandemiya ilə mübarizə, Vətən müharibəsi, post-müharibə dövrünün geosiyasi reallıqları, beynəlxalq münasibətlər, parlamentlər arası əməkdaşlıq və s. qanunlar qəbul olunmuş, əlavə dəyişiklər edilmişdir. Prezident İlham Əliyevin apardığı siyasət, parlament tərəfindən tam dəstəklənmişdir. Ölkə Başçısının təşəbbüsü ilə irəli sürülmüş qanunvericilik aktlarına operativ reaksiya verilmişdir. Cəmiyyəti narahat edən bütün problemlər, parlamentdə səsləndirilmiş və müzakirə olunmuşdur. Bu mənada parlamentin fəaliyyətini səmərəli, müsbət qiymətləndirirəm.

-Mümkünsə yaxın və uzaq qonşularımızda baş verənlərə diqqət çəkək. Qazaxıstanda baş verən son olaylar bu ölkənin siyasi-iqtisadi durumu, eləcə də beynəlxalq və regional əməkdaşlığına hansı təsirləri göstərəcək?

-Qazaxıstanla Azərbaycanı, tarixi, mədəni, mənəvi, dini köklər bağlayır. Türk dünyasının əhəmiyyətli parçası olan bu ölkədə baş verənlər, hər birimizin qəlbini ağrıtdı. Qan töküldü. Mənə elə gəlir ki, Qazaxıstanda baş verənlərin kökündə geosiyasi faktorlar durur. Proseslər, xarici qüvvələrin təhriki ilə, daxildəki təxribatçı qrupların fəaliyyəti nəticəsində, idarə olunmaz hal aldı. Təqdim olunan televiziya kadrlarından da görünürdü ki, hadisələrin ilk günlərində etirazçıların sayı çox deyildi. Düşünürəm ki, Prezident Tokayevin qəbul etdiyi bəzi qərarlar, insanların kütləvi şəkildə meydanlara axışmasına səbəb oldu. Konkret olaraq, maye qazın qiymətinin tək bir regionda aşağı salınması, hökumətin dərhal tam tərkibdə istefaya göndərilməsi, ələlxüsus, KTMT-na hərbi yardımla bağlı müraciət olunması əhali arasında ciddi narazılığa səbəb oldu. 150 minlik polis heyətinə, 110 minlik orduya və digər təhlükəsizlik orqanlarına malik olan dövlətin başçısı, daxili ictimai-siyasi vəziyyəti kənar qüvvələrin iştirakı olmadan təmin etməlidir.

İdeal cəmiyyət yoxdur. Hər bir cəmiyyətdə kifayət qədər, heç bir faydalı əməklə məşğul olmaq istəməyən, ancaq imkanlarından daha yaxşı yaşamaq istəyən, sosial məsuliyyəti aşağı olan narazı insanlar tapmaq olar. Müasir tarixdə qlobal güclər tərəfindən dəstəklənən təxribatçı qüvvələrin dağıdıcı fəaliyyəti nəticəsində bir çox ölkələr yerlə yeksan olunub, milyonlarlarla insan qaçqın vəziyyətinə düşüb, həlak olublar. Əfqanıstanda, İraqda, Suriyada, Yəməndə, Liviyada, Yaxın Şərqin, Afrikanın bir çox ölkələrində, bəzi keçmiş sovet respublikalarında baş verənləri diqqətlə analiz etmək lazımdır ki, baş verənlərin əsl mahiyyətinin kökündə iqtisadi və geosiyasi maraqların olduğunu dərk edəsən. Əsasən icra formulu eynidir. Xalqın, bəzi sosial tələblərindən sui-istifadə edən qaragüruh, dərhal bütün imkanlarını işə salır, cinayətlər, görünməmiş dağıdıcılıqla xaricdəki himayədarlarının əlinə əsaslar verir.

Qazaxıstanda da eyni vəziyyətdir. Təbii sərvətlərlə zəngin, ərazisinə görə dünyanın 9-cu ölkəsi olan Qazaxıstan, son dərəcə strateji əhəmiyyətə malikdir və kifayət qədər mürəkkəb daxili milli, etnik problemləri var. Son illər bu ölkə, qlobal güclərin, konkret olaraq, ABŞ, Avropa Birliyi, Rusiya və Çin arasında mübarizə meydanına çevrilib. Hər birisinin Qazaxıstanda böyük şirkətləri fəaliyyət göstərir. Uzun illər ərzində, ölkənin ilk prezidenti Nursultan Nazarbayev müvəffəqiyyətlə, müstəqilliyə təhdid edən xarici və daxili qüvvələri neytrallaşdırmış, bir-biriləri ilə rəqabət aparan böyük güclər arasında balanslaşdırıcı siyasət aparmış, Qazaxıstanın bu səviyyəyə çatmasında əhəmiyyətli rol oynamışdır. Amma son hadisələr göstərdi ki, Nazarbayev hökumətinin tərkibində, onun ən yaxın adamları, hətta ailə üzvləri arasında belə, müxtəlif siyasi qütblərə xidmət edən, öz aralarında təsir sferaları üzərində amansız mübarizə aparan şəxslər olmuşdur. Müstəqilliyi qorumaq, sabitliyi təmin etmək istəyirsənsə, hökumət yekdil olmalıdır. Bir hökumətin daxilində bəzilərinin qərbyönümlü, digərlərinin şərqyönümlü siyasət aparması yol verilməzdir. Təhlükəlidir. Dövlətin düşünülmüş strateji siyasəti olmalı, vahid mövqedən çıxış etməlidir. Təəssüf ki, Qazaxıstanda bunun əksini görürük.

Bu olayların, ölkənin siyasi-iqtisadi dirumuna, beynəlxalq və regional əməkdaşlığına təsirlərinə gəldikdə isə, təbii ciddi dəyişiklərin olacağı şübhəsizdir. İlk növbədə daxili qruplaşmalar arasında mal-mülk, iqtisadi-maliyyə resursları uğrunda amansız mübarizə başlanacaq, qərb şirkətlərinin mütəmadi olaraq, daha çox Rusiya və Çin şirkətləri ilə əvəzlənməsi baş verəcək. Ancaq burada ciddi problemlər ola bilər. Çünki, Qazaxıstan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya olunub, əsas xarici sərmayələrin strukturunda Qərb şirkətləri üstünlük təşkil edir. Onlar sərmayələrini çəkdikləri halda, ölkə iqtisadiyyatı çökə bilər.

Azərbaycan xalqını ən çox maraqlandıran məsələ təbii olaraq, Türk dövlətlərinin əməkdaşlıq məsələsidir. Təəssüf ki, burada da əvvəlki, dinamizmi görə bilməyəcəyik. Nazarbayev Türk dövlətlərinin inteqrasiyasında maraqlı idi. Ancaq, Tokayevlə bağlı bunu deyə bilmərəm. Onun əvvəl qeyd etdiyim səhvləri, əhali arasında ciddi narazılıqlar yaratdı və paradoksal görünsə də, düşünürəm ki, milli özünüdərk istiqamətində ciddi irəliləyişə səbəb oldu. Fakt odur ki, bu olaylar Qazaxıstana həm iqtisadi, həm siyasi baxımdan ciddi ziyan vurdu və ölkəni uzun illər geriyə atdı.

-Bir qayda olaraq hər hansı ölkələrdə baş verən bu tipli proseslərdən sonra Azərbaycanın radikal siyasi qanadı aktivləşir, ictimai-siyasi gərginliyi pozmağa yönəlik çağırışlar edir. Ümumiyyətlə, Azərbaycanda bu kimi olayların baş verməsi mümkündürmü?

-Azərbaycanda özlərini müxalifət hesab edən, azsaylı radikal qanadın, Qazaxıstan hadisələrindən istifadə edərək, ictimai-siyasi sabitliyi pozmaq cəhdləri, gərginlik yaratmağa yönəlik çağırışları acı gülüş doğurur. Əvvəla bunun üçün heç bir əsas yoxdur. İkincisi, Azərbaycan xalqı siyasi cəhətdən kifayət qədər hazlrlıqlı, vətənpərvər, dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü hər şeydən üstün tutan, yekdil bir toplumdur. Üçüncüsü, xalq Prezident İlham Əliyevə, onun Dövlət Başçısı kimi, intellektinə, savadına, dünyagörüşünə, diplomatik qabiliyyətinə, yüksək peşəkarlığına tam etibar edir, inanır. Bunun bariz nümunəsini 44 günlük Vətən müharibəsində bütün dünya gördü. 200 ildən bəri itirə-itirə gəldiyimiz torpaqları qısa müddətdə, son dərəcə mürəkkəb beynəlxalq şərtlər daxilində azad edən yeganə Lider İlham Əliyevdir. Hər şey müqayisədə üzə çıxır. Bu gün Qazaxıstanda, daha əvvəllər Ukraynada, Moldovada, Gürcüstanda, Qırğızıstanda, Tacikistanda baş verənlər bir daha göstərdi ki, müstəqilliyi qorumaq, nə qədər çətindir.

Burada Ulu Öndər Heydər Əliyevin illər öncə dediyi fikirlər yadıma düşdü. "Müstəqilliyi qorumaq, onu qazanmaqdan daha çətindir" Həqiqətən də, dövlət başçısının ani bir səhvi bütöv xalqların faciəsinə səbəb ola bilər. Tam məsuliyyətlə deyirəm. Azərbaycan adlı dövlətin varlığı, təhlükəsizliyi, ərazi bütövlüyünün, müstəqilliyinin qarantı məhz Prezident İlham Əliyevdir. Xalqımız bunu bilməlidir. Nə milli şura, nə də ki, digər radikal siyasətçilərin heç birisi, bu günki beynəlxalq şərtlərlə, Azərbaycanın bütövlüyünü, təhlükəsizliyini qorumaq iqtidarında deyillər. Biz geosiyasi baxımdan mürəkkəb, strateji baxımdan əhəmiyyətli bir bögədə yaşayırıq. Tarixən müxtəlif imperiyaların maraq dairəsində olmuşuq. Şərqdə ilk demokratik dövlət qurmuşuq. Cəmi 23 ay yaşamasına baxmayaraq, 4 hökumət dəyişmiş və hər yeni hökumət işə başlamamış, ciddi təzyiqlərlə qarşılaşmışdır. 23 ayda 4 hökumət.

Əsrin sonlarında tarix təkrar olundu. 1988-ci ildən 93-ilə qədər 5 siyasi hakimiyyət dəyişdi. Bilmək olmurdu ki, kim hansı məssəbə, hansı xarici qüvvələrə xidmət edirdi. Vəzifə, hakimiyyət davası uğrunda amansız mübarizə gedirdi. Nəticədə torpaqlarımız işğal olundu, milyona yaxın vətəndaşımız yurd-yuvasından didərgin düşdü. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəlməsəydi, hər il hakimiyyət dəyişəcək, etnik separatizm nəticəsində dövlət parçalanacaqdı. Əgər kimsə, Qazaxıstanda baş verənlərin Azərbaycanda təkrarlanmasını arzulayırsa, o insan sadəcə, öz vətəninin düşmənidir.

Qazaxıstan olaylarının Azərbaycanda baş verməsi qeyri-mümkündür. Ancaq xalqımız ayıq-sayıq olmalı, populist insanların vədlərinə inanmamalıdır. Hər bir ictimai-siyasi fəal təmsil olunduğu ərazidə lazımi işlər aparmalı, prosesləri nəzarətdə saxlamalıdır. Şəxsi maraqlarına görə insanları dövlətdən narazı salan məmurlar ifşa olunmalıdır. Reallıq odur ki, ictimai-siyasi sabitlik pozulduqda daha çox qurunun oduna yaş yanır. Bütövlükdə isə, millət uduzur.

-Konkret olaraq radikal siyasi düşərgənin cəmiyyət tərəfindən dəstəklənməsi mümkün görünürmü?


-Konkret olaraq, radikal siyasi düşərgənin cəmiyyət tərəfindən dəstəklənməsi mümkün deyil. Azərbaycan xalqı o mərhələni 90-cı illərin əvvəllərində keçdi. Hesab edirəm ki, bir tərəfdən yaxşı oldu ki, xalq kimin kim olduğunu gördü. Hesab edirəm ki, keçdiyimiz yol gənc nəsillərə çatdırılmalı, təbliğat daim aparılmalıdır. Düşünürəm ki, dövlətçiliyimiz üçün əsas təhlükə radikal dini fanatizm, cahillikdir. Onların cəmiyyətin müəyyən təbəqələri arasında dəstəyi var. Bu sahədə görüləsi içlər çoxdur.

-Bildiyimiz kimi bu il "Şuşa İli" elan olunub. Cənab Prezidentin məlum sərəncamı Şuşanın beynəlxalq aləmə, dünyaya daha yaxından tanıdılması baxımından nə dərəcədə əhəmiyyətli olacaq?

-Prezidentimiz tərəfindən 2022-ci ilin Şuşa ili elan olunması, xalqımızın ürəyincə oldu. Şuşanın bərpası, yenidən qurulması istiqamətində aparılan işlər daha da intensiv xarakter alacaq, əhalinin evlərinə qayıtmasını sürətləndirəcəkdir. Beləliklə, qədim Şuşa bütün dünyada Azərbaycan şəhəri kimi tanınacaq, təbliğ olunacaq, ermənilərin apardığı saxta təbliğat heç olacaqdır. Mədəniyyət paytaxtı olaraq, türk dünyasının mədəni inteqrasiyasını təmin edəcək beynəlxalq tədbirlər keçiriləcəkdir. Beynəlxalq birliyin, ermənilərin və havadarlarlarının Şuşanın əvvəlki və indiki vəziyyətini müqayisə etmək imkanları olacaq. Hər iki millətin nəyə qadir olduğunu, əsil mahiyyətini görəcəklər. Şübhəsiz abadlıq, quruculuq işləri daha geniş vüsət alacaq.
Xəbəri paylaş