Newscenter.az.13.01.2022. KTMT-nin qoşunlarının Qazaxıstan ərazisinə girməsi Rusiyanın bu ölkədəki təsir gücünü dəfələrlə artıracaq. "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası"nın "Türk Dövlətləri Təşkilatı" adlandırılması Rusiyanı narahat etməyə başlamışdı. Böyük avrasiya ölkəsi türk dövlətlərinin dahada yaxınlaşmasının gələcəkdə onun üçün böyük təhdidlərin yaradacağını yaxşı bilirdi. Bundan əlavə dünya ictimaiyyətində "Turan birliyi"nin qurulacağı haqqında gedən müzakirələr və səsləndirilən fikirlər Rusiya dövlətini dərhal tədbir görməyə vadar etdi. Belə olan halda Rusiya çıxış yolunu Qazaxıstanda vətəndaş müharibəsi və iğtişaşlar yaratmaqda gördü və bunu bacardı. Təssüfləndirici məqam isə qazax xalqının bu siyasəti anlamayaraq onun qurbanına çevrilməsi oldu.
Qazaxıstanda həyata keçirilən ssenari imperialist Rus dövlətinin öz maraqlarına xidmət edən, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən siyasi proseslərin istiqamətlərini müəyyən etmək üçün tətbiq etdiyi ssenari ilə eynilik təşkil edir. Ancaq o, dövrdə Ulu Öndər Heydər Əliyev vətəndaş müharibəsininin qarşısını aldı, xalqımızı və dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etdi. Qazax xalqına hal-hazırda bir xilaskar, ümummili lider lazımdır ki, onları bir şüar altında birləşdirsin və ölkəni xaosdan xilas etsin. Əks halda əsas mahiyyəti müxtəlif ərazilərdə, xüsusilə də türk dünyasında iğtişaşlar yaradaraq türk birliyinin güclənməsinin qarşısını almaq olan "KTMT" qoşunları və bu təşkilatın əsl sahibi olan Rusiya Qazaxıstanı işğal edərək türk dünyasının böyük bir ərazisini ucu-bucağı bilinməyən "Rus imperiyası"nın ərazilərinə əlavə edəcək. Beləliklə də qədim dövlətçilik ənənələrinə sahib olan qazax xalqı öz azadlığından və müstəqilliyindən məhrum olacaq. Bununla yanaşı türk dünyasına və türk dövlətlərinin birliyinə böyük zərbə vurulacaq. Bunun baş verməsi türk xalqları üçün böyük faciə olar. Sözsüz ki, proseslərin gedişinə müdaxilə edilməsə həmin faciə baş verəcək. Türk dünyasının aparıcı dövlətləri Rus imperiyasına türk dünyasını və türk dövlətlərini dağıtmağa imkan verməməlidir!
Anar Salehoğlu