Newscenter.az.14.01.2022. Özbəkistan prezidenti Şavkat Mirziyoyev Putinin ştatdankənar sözçüsü Aleksandr Lukaşenkonun "Özbəkistan Qazaxstanda baş verənlərdən dərs götürməlidir" təhdidini əsassız adlandırıb. Ölkənin Təhlükəsizlik Şurasının iclasında çıxış edən Özbəkistan prezidenti bildirib ki, ölkəsi istənilən təhdidə adekvat reaksiya vermək üçün zəruri gücə və potensiala malikdir.
İlk baxışdan rəsmi Daşkəndin kifayət qədər qəti reaksiyası mövzunun bağlandığı təəssüratı yaratsa da əslində vəziyyət göründüyündən daha mürəkkəbdir. Çünki məsələ bununla bitmir. Başqa bir məlumatda deyilir ki, Rusiyanın müdafiə naziri S. Şoyqu Qazaxıstana yeridilmiş KTMT silahlı qüvvələrinin yanvarın 19-dək çıxarılacağını prezident Putinə məruzə edib.
Bir neçə gün əvvəl isə Sergey Şoyqu bunun tam əksini iddia edərək bildirirdi ki, KTMT qoşunları Qazaxıstanda sabitlik tam bərpa edilənədək qalacaqlar. 2-3 gündə nə baş verdi ki, Rusiyanın müdafiə nazirinin mövqeyi belə diametral şəkildə dəyişdi? Burda da çoxlu versiyalar var, amma onların hamısı yalnız versiyalardır.
İddialardan biri belədir ki, Rusiyanın Qazaxıstanı işğal etməsi dünya güclərindən ilk növbədə və ancaq Çinin maraqlarına təhlükə yaratdı və Pekin bununla bağlı Moskvaya sərt mövqe bildirdi. İnandırıcı görünə bilər, çünki söhbət təkcə Çinin iqtisadi maraqlarından deyil, həm də onun fiziki olaraq təhlükəsizliyindən gedir.
Rusiyanın Qazaxstana yeritdiyi silahlı qüvvələrin sayının təxminən 15-20 min nəfər, xaraktercə isə hamısının hücum təyinatlı hərbi birləşmələr olduğunu nəzərə alsaq Çinin narahatlığını əsaslandırmaq olar. Bundan başqa da Rusiya hərbi birləşmələri Qazaxıstanda həm də Çin üçün geosiyasi və iqtisadi-ticari əhəmiyyət daşıyan kommunikasiyaları nəzarətə götürüb.
Şübhəsiz ki, Rusiya özünün əsas rəqibi saydığı Çinlə münasibətlərinin korlanmasında maraqlı deyil, baxmayaraq ki, onun Çin siyasəti bir çox hallarda Vaşinqtonla da koordinasiya olunur. Başqa sözlərlə, Moskva Pekinlə münasibətlərinin vaxtından əvvəl korlanmasında maraqlı olmamlıdır. Üstəlik də bu, NATO və ABŞ-la münasibətlərin rus rəsmilərinin dililə desək, ən kəskin olduğu dövrə təsadüf etdiyi dönəmdirsə.
Digər bir versiya Rusiyanın Qazaxıstan əməliyyatının spontan olduğu və onun lazımi səviyyədə hazırlanmaması üzündən ortaya çıxan fəsadlarla bağlıdır. Belə ki, qısamüddətli baxışda Moskvanın əməliyyatı uğurlu görünsə də uzun vadəli yanaşmada bu, yaxşı heç nə vəd etmir. Bu versiya isə ümumiyyətlə inandırıcı görünmür.
Rusiyanın Qazaxıstanı işğalı bütün əlamətlərilə uzun müddətdə və detallı hazırlanmış əməliyyat xarakteri daşıyırdı.
Başqa bir versiya Rusiyanın bu əməliyyatın davamına (Özbəkistana və sonra da qismən Əfqanıstana müdaxilə) guya resurslarının çatışmamasıdır. Belə versiya ziddiyyətli görünür.
Bir tərəfdən Rusiya hətta 20-minlik qoşunla Özbəkistana hücum edərsə ciddi uğursuzluğa düçar ola bilər və bu mənada anlaşılandır. Xüsusilə də özbək liderinin Qazaxıstan prezidentindən fərqli olaraq "Troya atı" rolunda görünməməsi. Deməli, bu halda Rusiya bölgəyə (Qazaxıstana) əlavə silahlı qüvvələr və ağır hərbi texnika yerləşdirməlidir ki, onda da Çinin etirazı və hətta təpkisi ilə də üzləşə bilər.
Digər tərəfdən isə Rusiya şübhəsiz ki, bu əməliyyata hazırlıq görəndə bütün sadalanan və sadalanmayan amilləri nəzərə almamış deyildi.
Belə olduqda da sual olunur ki, Rusiyanın Qazaxıstandan çıxmaq haqda açıqlamasının arxasında nə durur?
Cavab versiyaları çox müxtəlif ola bilər:
1. Moskva Qazaxıstandan çıxmayacaq və onun bəyanatı yalnız zaman udmaq məqsədilə çaşğınlıq yaratmağa hesablanıb.
2. Rusiya Qazaxıstandan çıxacaq, amma bu, onun ölkəyə hərbi müdaxiləsindən daha baha başa gələcək.
3. Rusiya belə açıqlama yaymaqla özünün yaxın günlərə nəzərdə tutulmuş planlarından diqqəti yayındırmağa çalışır. Məsələn, Özbəkistana mümkün hərbi müdaxilədən.
Belə görünür ki, Daşkənd də daha çox sonuncu ehtimaldan şübhələnir, çünki Qazaxıstanın işğalı baş verən gündən bəri Təhlükəsizlik Şurasının toplantılarını müntəzəm keçirən prezident Şavkat Mirziyoyev son iclasda (bu gün) ölkənin hava hücumundan müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsinə tapşırıq verib.
Ərəstun Oruclu-"Şərq-Qərb" Analitik Mərkəzinin sədri