Newscenter.az.15.01.2022. Kreml Vaşinqtonu şantaj etmənin yeni “üsulunu” tapıb. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, “Moskva onun təhlükəsizlik təkliflərini rədd edən ABŞ və NATO-ya qarşı Kuba və Venesuelada qoşun yerləşdirə bilər”. Yəni Kreml sahibinin təlimatını yerinə yetirən rusiyalı diplomat demək istəyib ki, Vaşinqton və Brüssel Ukrayna ilə bağlı Moskvanın tələblərini yerinə yetirməsə Rusiya ABŞ-ın yaxınlığında hərbi bazalar və ya orta mənzilli raketlər yerləşdirəcək.
Kremlin mesajı aydındır: “Sən mənim arxa bağçamda (oxu: Rusiyaya qonşu ölkələrdə) hərbi bazalar yerləşdirəcəksənsə, mən də sənin arxa bağçanda hərbi bazalar yerləşdirəcəm”. Rusiya özünü yenə Amerika ilə müqayisə edir. Birincisi, Kiyev özü istəyir ki, Ukrayna NATO-nun üzvü olsun, ölkədə Amerikanın hərbi bazaları yerləşdirilsin. Kuba və Venesuellanın Rusiya hərbi bazalarının yerləşdirilməsiylə bağlı istəyi səslənibmi, yoxsa Kreml bu ölkələrin əvəzinə danışır? İkincisi, keçmiş SSRİ bir dəfə Amerikanın yan-yörəsində - Kubada nüvə başlığı daşıya bilən raketlər yerləşdirmək istədi, Vaşinqtonun təzyiqi nəticəsində raketlərini yığışdırdı. Eyni tale Rusiyanı da gözləyəcək. Kubada rejim əvvəlki olsa da, fiqurlar dəyişib və yeni simalar çətin ki, Rusiyanın raketlərinə görə ABŞ-la münasibətləri indikindən daha çətin vəziyyətə sürüklənməsində maraqlı olsunlar. Elə Venesuellanın özü də ağır vəziyyətdədir, iqtisadi göstəriciləri yerlə sürünür, müxalifət zaman-zaman hakimiyyəti sıxışdırır. Belə olan halda Venesuelladakı solçu rejim Rusiyanın raketlərinə görə daxildə və xaricdə əlavə gərginliklə üzləşmək istəyərmi?
Rusiyalı rəsmilərin Amerikaya barmaq silkələyərək Kuba və Venesuellanın adlarını çəkməsi göstərir ki, Moskvanın Vaşinqton və Brüssellə danışıqların nəticəsiz qalması nəticəsində alternativləri zəifdir.
Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin sədri