Newscenter.az.15.01.2022. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qara oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Newscenter.az-a verilən məlumata görə, şöbəyə müraciət edən ferma sahibi ona məxsus təsərrüfatdan iribuynuzlu heyvanların oğurlandığını bildirib.
Hadisəni törədən naməlum şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı üç nəfər Mingəçevir şəhər sakini –Vüsal Nəbiyev, Elməddin Qocayev və İsa Məmmədov cinayətdə şübhəli bilinərək saxlanılıblar. Onlar əməllərini etiraf edib və oğurladıqları mal-qaranı Bərdə rayonuna apararaq orada satdıqlarını bildiriblər. Tədbirlərin davamı olarq həmin iribuynuzlu heyvanlar isə satılan şəxsdən götürülərək sahibinə geri qaytarılıb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.