Newscenter.az.18.01.2022. İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının və Azərbaycan Balıqçılar İttifaqının nümayəndələrinin iştirakı ilə Araz çayının rayon ərazisindən keçən hissələrində, eləcə də bir neçə su kanallarında qanunsuz balıq ovuna qarşı reyd keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, keçirilən reyd zamanı su hövzələri boyunca quraşdırılan qanunsuz sintetik torlar, balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ ləvazimatlar polis əməkdaşları tərəfindən sudan çıxarılıb. Bundan əlavə, reyd zamanı brakonyerlərin istifadə etdiyi taxta qayıqlar, rezin təkərlər, kanalların bir neçə hissəsində balıq ovu üçün istifadə olunan qurğular da aşkarlanaraq sudan götürülüb.
İstifadəsi qanunla qadağan edilmiş vasitələrin hamısı həmin ərazidə yandırılaraq məhv edilib. Reyd zamanı torlarda aşkarlanan diri balıqlar isə yenidən suya buraxılıb.
Bu istiqamətdə tədbirlər RPŞ-nin əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.
Mehman