Newscenter.az.18.01.2022. Tarix boyu Azərbaycan xalqı bir çox terrorlara, soyqırımlara və parçalanmalara məruz qalmışdır. Azərbaycan xalqına vurulmuş ağır zərbələrdən biri də 1813-cü il oktyabrın 12-də Gülüstan kəndində Çar Rusiyası ilə Qacarlar İranı arasında imzalanmış Gülüstan müqaviləsi olmuşdur. Tariximizin ən ağrılı səhifələrindən biri olan “Gülüstan” müqaviləsinin bağlanması ilə Azərbaycan torpaqları parçalandı və “Gülüstan” müqaviləsi Azərbaycan tarixinə qara hərflərlə həkk olundu. Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Ulu Öndər, dahi siyasətçi Heydər Əliyev uzaqgörən və müdrik siyasəti nəticəsində illər sonra Azərbaycan tarixinə qara hərflərlə yazılmış Gülüstan sözünün mahiyyətini tam əksinə dəyişməyə müvəffəq oldu:
“bu istiqamətdə atılmış ən böyük və mütərəqqi addım, Heydər Əliyevin təşəbbüsü ilə Gülüstan sarayının inşasının başlanılması oldu. Gülüstan sarayı Ulu Öndər, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin təşəbbüsü ilə 1979-1980-ci illərdə inşa edilmişdir. Möhtəşəm tarixi memarlıq abidələrindən biri olan Gülüstan sarayında, Azərbaycan tarixində mühüm rol oynayan bir sıra tədbirlər keçirilmiş, müqavilələr imzalanmışdır. Belə ki, Gülüstan sarayında 20 sentyabr 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin Müqaviləsi” imzalanmışdır.“Əsrin Müqaviləsi” Azərbaycan iqtisadiyyatının dirçəlməsinə təkan verən tarixi hadisə və Azərbaycanın inkşafının başlanğıc səhifəsi oldu. Gülüstan sarayında Əsrin Müqaviləsinin imzalanması tarixi dönüş nöqtəsi olmaqla yanaşı həmdə dünyaya verilmiş bir mesaj idi”.
Gülüstan sarayının ev sahibliyi etdiyi mötəbər tədbirlərdən biri də 2022-ci il yanvarın 13-də Cənab Prezident İlham Əliyevin və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun iştirakı ilə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi oldu. Bundan başqa Gülüstan sarayında Azərbaycan mətbuatının yubileyi (135yaşı), Beynəlxalq humanitar forum, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü və digər bir sıra mühüm tədbirlər keçirilmişdir -deyən Sədaqət Vəliyeva əlavə edib ki, həyata keçirilən bu tədbirlər, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Cənab Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilən müdrik, uzaqgörən siyasətin nəticəsidir. Eyni zamanda belə bir saraya Gülüstan adının verilməsi tarixi ədalətin bərpasıdır: “əminlikə demək olar ki, bundan sonra da Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş Gülüstan sarayı, Azərbaycanın çiçəklənməsinə və gülüstana çevrilməsinə səbəb olan bir çox tədbirlərə ev sahibliyi edəcək”
Ruhiyyə