Newscenter.az.18.01.2022. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişlərinin DİN-in Xətai Rayon Polis Şöbəsi və Xətai Rayon İcra Hakimiyyəti əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Bakı şəhəri, Xətai rayonu, Babək prospektində fəaliyyət göstərən, fiziki şəxs Xanalıyev Rəşad Firəddin oğluna məxsus ət satışı məntəqəsində qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib. Qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb, fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib. Reyd zamanı Xətai rayonu, Ə. Şıxlinski küçəsi 2 ünvanında Həsənov Yavər Vəli oğluna, Cavanşir küçəsi ilə Ramiz Quliyev küçəsinin kəsişməsində fiziki şəxslər İsmayılov İntizam Xanbaba oğlu və Niftəliyev Mahir Gülağa oğluna məxsus məntəqələrdə də qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi müəyyən olunub. Məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə cavab verməyən bir sıra kəsim qurğuları sökülüb.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Sevinc