Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ASK ilə Malayziya Beynəlxalq Ticarət və Sənaye Palatası arasında görüş keçirilib



Newscenter.az.19.01.2022. Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Malayziya Beynəlxalq Ticarət və Sənaye Palatası (MICCI) arasında virtual görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə ASK nümayəndələrinə bu təşkilatın prezidenti Məmməd Musayev, MICCI təmsilçilərinə isə qurumun icraçı direktoru Şaun Çeh rəhbərlik edib.

Tədbir iştirakçılarını salamlayan Konfederasiya rəhbəri M.Musayev Azərbaycan və Malayziya arasında yüksək səviyyədə davam edən ikitərəfli münasibətlərdən məmnunluğunu ifadə edərək, iki ölkənin iqtisadi-ticari əməkdaşlıq sahəsində əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, 2020-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 129 milyon dollar təşkil edib. Gələcəkdə qarşılıqlı əməkdaşlığın artırılması üçün potensial bu göstəricinin daha da yüksəldilməsinə imkan verə bilər.

M.Musayev 2020-ci ildə baş vermiş Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda aparılan böyük bərpa-quruculuq işlərindən bəhs edib, burada həyata keçirilən investisiya layihələri barədə məlumat verib, xarici sərmayədarlar üçün yaradılmış əlverişli biznes mühitindən danışıb. O, dost Malayziyadan təcrübəli şirkət və investorların bu layihələrdə iştirakının arzu edilən olduğunu nəzərə çatdırıb. Bu sahədə ASK-nın malayziyalı qurum və şəxslərə lazımi dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti, təşkilatın Azərbaycanda sahibkarlığın inkişafına verdiyi töhfələrlə bağlı təqdimat təqdim edilib. Qeyd edib ki, təşkilat 6 mindən çox üzvü, o cümlədən 70-ə yaxın iqtisadi, sosial assosiasiya və ittifaqları bir çətir altında birləşdirir. Həmçinin ASK sahibkarların iqtisadi və hüquqi maraqlarının qorunmasında aktiv fəaliyyət göstərir.

MICCI-nin icraçı direktoru Ş.Çeh öz növbəsində belə bir görüşün təşkilindən məmnunluğunu ifadə edərək, təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. Azərbaycanda mövcud olan sabit iqtisadi mühitin malayziyalı investorlar üçün kifayət qədər cəlbedici olduğunu bildirib. Ş.Çeh MICCI-nin institusional təcrübəsinin 1837-ci ildən başladığını, 1974-cü ildə isə təşkilatın bugünkü strukturda yeni mərhələyə keçdiyini nəzərə çatdırıb. O, MICCI-nin Malayziya daxilindəki uğurları ilə yanaşı, geniş beynəlxalq təcrübəyə malik olduğunu, bu istiqamətdə 30 ölkədən 900 üzvü ilə geniş beynəlxalq şəbəkə yaratdığını bildirib.

Ş.Çeh bu görüşün gələcək əməkdaşlıq üçün vacib stimul olduğunu, belə təmasın konkret əməli işə keçmək üçün əhəmiyyətli rol oynadığını vurğulayıb.

Sonra Konfederasiyanın baş katibinin müavini Fuad Hümbətov, ASK Business Consulting şirkətinin direktoru Şəbnəm Nuriyeva, eləcə də MICCI-nin su təsərrüfatı və infrastruktur biznesi üzrə nümayəndəsi Lim Çonq Linq çıxış edərək qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.

Tərəflər əməkdaşlığı genişləndirmək üçün yaxın vaxtlarda anlaşma memorandumu imzalanması barədə razılığa gəliblər.

Sevinc
Xəbəri paylaş