Newscenter.az.19.01.2022. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, ölkəmizdə bərpa-olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.“Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının təməlinin qoyulmasını da bu siyasətin növbəti təntənəsi adlandırmaq olar. Bu stansiyanın investoru tanınmış və bu sahədə böyük təcrübəsi olan “ACWA Power” şirkəti, həmçinin enerji sahəsində dünyanın ən böyük müəssisəsidir. Şirkət tərəfindən inşa edilmiş stansiyaların enerji istehsalı gücü 42 min meqavatdan çoxdur. Yəni təsəvvür etmək o qədər də çətin deyil və şadam ki, bu şirkət Azərbaycana da maraq göstərir.
Müstəqilliyinin bərpasından ötən 30 ildə Azərbaycan iqtisadyyatına 300 milyon dollar investisiya yatırılıb. Bu investisiyanın yarısı xarici investisiyadır. Hər ötən il xarici investorların maraq göstərdiyi Azərbaycanda iş adamları üçün yaradılan şərait, edilən güzəşt onların sayının artmasını şərtləndirir.İlham Əliyev bildirdi ki, Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları, həm də elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Beləliklə, ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir.Prezident işğaldan azad olunmuş ərazilərimizin də imkanlarından söz açaraq investorlara mesaj ünvanlayıb. Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda böyük günəş-elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq.
Onu da vurğulayaq ki, təhlillər nəticəsində işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalının mümkünlüyü bəlli olub. Prezident dost ölkələrin investorlarının, şirkətlərinin bu imkanları da araşdırmağa və Azərbaycanla bərabər böyük layihələrə start verməyə çağırıb.
Məleykə Ağayeva,
YAP Sabirabad rayon təşkilatının sədr səlahiyyətlərini icra edən