Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika Nazirliyində 20 Yanvar faciəsinin 32-ci ildönümü anılıb



Newscenter.az.19.01.2022. Xalqımızın azadlıq uğrunda mübarizə tarixində önəmli yer tutan 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə Energetika Nazirliyində anım tədbiri keçirilib.

Newscenter.az xəbər verir ki, energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək, 1990-cı ilin 20 yanvar tarixində Azərbaycanın azadlığı arzusu ilə mübarizəyə qalxmış dinc sakinlərə qarşı sovet qoşunlarının törətdiyi cinayətlərdən bəhs edib, 20 Yanvar hadisələrinin milli qəhrəmanlıq tariximizdə müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi qiymətləndirildiyini qeyd edib. Bildirilib ki, Qanlı Yanvar hadisələri Azərbaycanın milli kimliyinin formalaşmasına həlledici təsir göstərərək, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub.
Tədbirdə 20 Yanvar hadisələri ilə əlaqədar Sovet hakimiyyətinin bu qanlı əməlinə ilk rəsmi etirazın məhz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildiyini və bu faciəyə ilk siyasi-hüquqi qiymətin verildiyi diqqətə çatdırıb. Qeyd olunub ki, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ümummilli lider Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib. O da vurğulanıb ki, Azərbaycan dövləti qanlı yanvar hadisələrinin qurbanlarının və şəhidlərimizin xatirəsini hər zaman hörmətlə yad edir. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına daima xüsusi diqqət ayırır.

Qeyd olunub ki, erməni fitvası ilə həyata keçirilmiş bu dəhşətli cinayət və axıdılan nahaq qanlar xalqımızın iradəsini qıra bilməyib, xalqımız daha da güclənib, qüdrətlənib. Bu gün qürurla demək olar ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin liderliyi ilə müzəffər ordumuz düşmən işğalı altındakı torpaqlarımızı azad edib. Bu tarixi Zəfərlə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb.

Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.

Sevinc
Xəbəri paylaş