Newscenter.az.19.01.2022. Yanvarın 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının yeni qərargah binası istifadəyə verilib.
Bu barədə Newscenter.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar təşkil olunan mərasimdə yeni qərargah binasının açılışa hazır olması barədə DSX rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədov Xidmətin rəisinə məruzə edib. General-polkovnik Elçin Quliyev əlamətdar tədbir münasibətilə şəxsi heyəti təbrik edib.
Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq azad edilən ərazilərimizdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasını, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib, ötən il ərzində Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd-döyüş məntəqəsinin xidməti-döyüş fəaliyyətinə başlamasını bildiriblər.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ötən il ərzində işğaldan azad edilən ərazilərdə DSX-nin 4 yeni hərbi hissəsinə gəlişinin sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın və dövləti qayğının növbəti ifadəsi olduğu, sərhədçiləri xidməti uğurlara ruhlandırdığı xüsusi vurğulanıb.
Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək qəhrəmanlıq salnamələri yazmış sərhədçilərin bu gün də düşmən tapdağından azad olunan müqəddəs sərhədlərimzin toxunulmazlığının təmin edilməsi vəzifəsini şərəflə yerinə yetirdikləri qeyd olunub.
Açılış mərasiminin rəmzi lenti kəsildikdən sonra qərargah binasında yaradılmış şəraitə baxış keçirilib. Qeyd edilib ki, burada şəxsi heyətin yüksək səviyyədə xidmət aparmaları üçün lazımi şəraitlə təmin edilən iş otaqları, konfrans zalı, növbətçi otaq mövcuddur. Bina daimi su və elektrik enerjisi, istilik sistemi ilə təchiz olunub. Ərazidə abadlıq işləri aparılıb, asfalt örtüyü salınıb, ağaclar əkilib.
İnzibati binanın qarşısında ucaldılan DSX-nin Vətən müharibəsində həlak olan hərbi qulluqçularının xatirəsinə həsr edilən abidə qarşısına güllər düzülüb.
Tədbir çərçivəsində DSX-nin sıralarında Vətən müharibəsində iştirak edərək şücaət göstərən, hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının azad olunmasında fərqləndiklərinə görə təltif edilən medalları təqdim olunub.
Tərxis edilən hərbi qulluqçuların təntənəli yola salınması təşkil edilib, onlarla xatirə fotoşəkilləri çəkilib və şəxsi heyət DSX-nin hərbi orkestrinin ifasında “Cəngi” musiqisinin sədaları altında xüsusi ayrılan avtobuslarla yaşadıqları bölgələrə yola salınıblar.