Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya “arxa bağçasını qorumağa” çalışır



Newscenter.az.19.01.2022. Rusiyanın Ukrayna və Qazaxıstan siyasəti Qərbin siyasi ekspertlərinin və mətbuatının diqqət mərkəzindədir. Bu dairələr Rusiyada millətçi ideologiyanın artmasına da diqqət yetirirlər.

Rus millətçiləri müharibədən danışarkən iki qələbəni xüsusilə vurğulayırlar. Napoleon 1812-ci ildə 600.000 nəfərlik ordu, 180.000 at və 1600 ədəd güclü artilleriya ilə Rusiya imperiyasına hücum çəkərkən qələbəyə ümid edirdi. Doğrudur, Napolen Moskvanı ələ keçirdi, ancaq bu qələbə demək deyildi. Napoleon Rusiya ordusuyla yanaşı bu ölkənin keçilməz yolları və sərt qışı ilə də üz-üzə qaldı, ordusunun yarısını itirdi. Bu müharibə Napoleonun çöküşünü sürətləndirdi və o sonrakı müharibələrdə məğlub olaraq Elba adasına sürgün edildi.

Rus millətçiləri ikinci nümünə kimi Alman ordusunun 1941-ci ildə SSRİ-yə qəfil hücumunu göstərirlər. Eyni ilə Almaniya diktatoru Adolf Hitler də Napoleon kimi qısa müddətli qələbəyə ümid edirdi. Hitlerin ordusu ilk aylarda xeyli uğur qazandı və ölkənin içərilərinə doğru irərilədi. Ancaq Rusiyanın palçıq yolları və qışı Hitler ordusunun sürətini yavaşladı, üstəgəl də SSRİ-nin Sibirdən Moskva ətrafına gətirdiyi ordu hissələri Hitler ordusunu ilk məğlubiyyətlə üzləşdirdi, Berlin sonrakı dönəmdə Stalinqrad və Kursk döyüşlərində də ağır şəkildə məğlub oldu. Rus millətçiləri İkinci Dünya müharibəsi haqqında danışarkən, Alman faşizmi üzərindəki qələbədə SSRİ-də yaşayan bütün xalqların rolunu “unudurlar”. Rusiyanın bu gün hədəf aldığı həmin Ukrayna və ukraynalılar İkinci Dünya müharibəsində alman faşistlərlə mübarizədə ön çərgədə idilər, digər millətlərin rolu da danılmazdır.

SSRİ 1991-ci ildə dağıldıqdan sonra müstəqillik qazanan Rusiya əvvəlcə daxili problemlərin həlli ilə məşğul idi. Rusiya Çeçenistanda iki müharibə apardı, Dağıstan və Şimali Qafqazın digər bölgələrində silahlı qrupların hücumlarına məruz qaldı. Rusiya elə ki, bu təhlükələri dəf etdi, Qərbə meydan sulamağa başladı. Rusiyada 2000-c illərin əvvəllərində hakimiyyətə gələn Vladimir Putin qərbli jurnalistin “Rusiya NATO-nun üzvü ola bilərmi” sualına belə cavab vermişdi: “Niyə də olmasın? Rusiya Avropanın bir parçasıdır”.

Bu açıqlamanın üstündən illər keçdikdən sonra Vladimir Putin artıq NATO-nu düşmən obrazında qələmə verirdi: “NATO Şərqə doğru genişlənməməlidir, bunun qarşısını almalıyıq”. 20 il əvvəl “Rusiya Avropanın bir parçasıdır” deyən Kreml sahibi bu gün Avropaya meydan sulayır, liberalizmin sonunun gəldiyini iddia edir.

Kreml bu siyasətdən çıxış edərək NATO üzvlüyünə can atan Gürcüstanla Ukraynanı hədəf seçdi. Qazaxıstandakı son hadisələr Kremlin hədəfinin daha geniş olduğunu göstərir. Təsadüfi deyil ki, NATO-nun baş katibi Stoltenber “Rusiyaya qonşu olan bütün ölkələr təhlükə altındadır” açıqlamasını səsləndirdi. Kreml Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını NATO-nun rəqibinə çevirmək istəyir. Kreml hesab edir ki, Qərbi durdurmasa “arxa baxçasını” tədricən itirəcək. Misal üçün Rusiyada belə bir fikir hakimdir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qazaxıstana müdaxilə etməsəydi, Qərb bu ölkədə növbəti “rəngli inqilabını” həyata keçirəcəkdi. Halbuki, Qazaxıstandakı hadisələrdə Qərbin izinə rast gəlinmədi.

Rusiya Qərblə mübarizədə Çinin dəstəyini də almaqdadır. İki dövləti strateji müttəfiq adlandırmaq olmasa da, Moskva ilə Pekinin Qərblə mübarizədə ortaq maraqları var. Hər ikisi Mərkəzi Asiyanın və bütövlükdə Avrasiya bölgəsini Qərbin təsirindən uzaq tutmağa çalışır.

Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri
Xəbəri paylaş