Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tarixi ədalət zəfər çaldı



Newscenter.az.19.01.2022. Tanınmış mesenat, 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi-mədəni həyatında əhəmiyyətli rolu olmuş Hacı Zeynalabdin Tağıyevin abidəsi, Bakının ən gözəl guşələrindən birində ucaldıdı.

Abidənin açılışından sonra, Prezident İlham Əliyev bu böyük şəxsiyyətin həyat yolu və Azərbaycan xalqı qarşısındakı xidmətlərindən ətraflı danışdı.
Kasıb bir ailədən çıxmış Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyəti, imkansız ailələrdən olan yüzlərlə uşaqları xarici ölkələrə oxumağa göndərməsi, Bakı şəhərinə Şollar su kəmərini çəkdirməsi, müsəlman qızlarının təhsil alması üçün ilk dünyəvi məktəbi, teatr binasını, bu gün də şəhərin mərkəzi hissəsinə xüsusi yaraşıq verən binaları inşa etdirməsi, sənaye-istehsal müəssisələrini yaratması, ona əbədilik qazandırmışdır. Onun adı hər bir azərbaycanlının qəlbində yer almış, əməlləri isə, özünü dərk edən, millətini sevən hər kəs üçün örnəkdir.

Təkcə Bakıda yox, Naxçıvanda, Gəncədə, Şamaxıda, Gürcüstanda azərbaycanlıların yaşadıqları yerlərdə məktəblər açması, Hacının öz millətinə olan sevgisinin, onun savadlanmasını arzuladığının, geniş miqyaslı düşüncə tərzinə malik olmasının göstəricisidir. İrəvan quberniyasında yaşayan, özü kimi kasıb ailədən çıxmış gənc Əziz Əliyevin bir müraciətinə görə maliyyə vəsaitini ayırması, onun necə böyük ürək sahibi olduğunun sübutudur.

Hacı Zeynalabdin Tağıyevin gördüyü xeyirxah işlər barədə saatlarla danışmaq olar. Yeri gəlmişkən qeyd etmək istərdim ki, həmin dövürdə Tağıyevdən başqa da çoxsaylı neft milyonerləri, imkanlı şəxslər olmuşdur. Onların hamısının olmasa da, bəzilərinin xalq qarşısında müəyyən xidmətləri olmuşdur. Lakin, xalqın genetik yaddaşında əsil vətənpərvər, millətsevər şəxs olaraq,məhz Hacı Zeynalabdin Tağıyev adı qalmışdır.

Tağıyevin əsasını qoyduğu xeyriyyəçilik, millətin maariflənməsi, dövlətin beynəlxalq miqyasda müsbət imicinin formalaşması, tanıtdırması, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı, məscidlərin tikintisi, tarixi abidələrin bərpası daha geniş arealda “Heydər Əliyev” fondu tərəfindən həyata keçirilir.

Vətən Müharibəsinin fəsadlarının yaratdığı şəhid ailələrinə, qazilərə dəstək göstərən “Yaşat” fondunun gördüyü işlər də xalq tərəfindən müsbət qiymətləndirilir. Olduqca xoş haldır ki, həyatının mənasını imkansız, ehtiyacı olan olan insanlara yardım etməkdə görən və Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçilik ənənələrini yaşadan insanlarımız da var.

Belə bir tarixi insanın şəxsiyyətini əbədiləşdirən, heykəlinin şəhərin ən gözəl guşələrindən birində ucaldılması haqqında sərəncam verən, hər zaman Azərbaycanın tarixi şəxsiyyətlərinə layiq olduqları qiyməti verməyi bacaran Prezident İlham Əliyevə xüsusi təşəkkürlər düşür. Tam əminliklə deyə bilərəm ki, Dövlət Başçımızın bu addımı böyüklü-kiçikli hər bir soydaşımızın ürəyindən oldu.

Sağ olun cənab Prezident!!!

Nəsib Məhəməliyev-Milli Məclisin deputatı
Xəbəri paylaş