Newscenter.az.20.01.2022. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, şöbəyə paytaxt sakini Elxan Soltanovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı 2 000 manata satmaq istəyən zaman tutulub.
Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 8 ədəd patron və daraq aşkar edilərək götürülüb.
Elxan Soltanov “Makarov” markalı odlu silahı bir neçə il bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Mehman