Newscenter.az.21.01.2022. Qlobal bazarlarda baş verən qiymət artımları ölkələri iqtisadiyyatlarının bu çağırışlara uyğunlaşdırılması üçün ciddi addımların atılmasına məcbur edən amillərdəndir. Bu gün “qiymət artımı” ifadəsi dünyanın bütün ölkələrində insanları ən çox narahat edən məsələdir. Bahalaşmalar həm də milli valyutaların dəyərdən düşməsinə səbəb olur. Qonşu ölkələrin milli valyutalarına nəzər yetirdikdə görürük ki, Gürcüstanda 12,5 faiz, Rusiyada 8,9 faiz, Türkiyədə 36,08 faiz illik inflyasiya qeydə alınıb. Təbii ki, bu, ölkələrin milli valyutalarının ucuzlaşmasına yol açıb. Azərbaycanda isə orta illik inflyasiya 6,7 faiz olub və Mərkəzi Bankın apardığı uğurlu pul-kredit siyasəti sayəsində manatın məzənnəsi xarici valyutalar qarşısında dəyərdən düşməyib. Amma bununla yanaşı, dünya bazarlarında malların qiymətlərində baş verən artımlar Azərbaycanın daxili bazarlarına da təsir göstərib. İstiləşmə və quraqlıq, tələb və təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması, həmçinin enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal inflyasiyanı şərtləndirən əsas amillərdəndir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, qlobal istiləşmə və quraqlıq istehsal olunan malların həcmini azaldıb, bu da tələbin təklifi üstələməsinə gətirib çıxarıb. Dünya bazarlarına təklif olunan buğdanın azalmasına görə iri istehlakçı ölkələr öz siyasətlərini daha çox buğda ehtiyatı yaratmağa yönəldib. Nəticədə bazarın ümumi balansında kəskin ehtiyac formalaşıb, bu da ümumilikdə qiymətin artmasına təsir göstərib. Qlobal pandemiyanın uzun müddət davam etməsi enerji qiymətlərinin qalxmasına, həmçinin daşınma və logistika xərclərinin artmasına gətirib çıxarıb. İdxal olunan malların dəyər zəncirinin hər hansı bir həlqəsində baş verən dəyişiklik son dəyərin formalaşmasında özünü göstərir.
“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ildə dünyada ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Dünyanın ərzaq bazarında ən çox qiymət artımı baş vermiş məhsullarından biri də buğdadır. Son iki ildə ərzaqlıq buğdanın hər tonunun qiyməti 45 faiz artıb. Eyni zamanda, 2021-ci ildə buğdanın tonunda 253 dollardan 340 dollara qədər artım baş verib. Ötən illərdə ərzaqlıq buğdanın qiymətinin dünya bazarlarında artmasının ölkəmizdə un və un məhsullarının qiymətlərinə təsirlərini neytrallaşdırılması üçün taxılın idxalı ƏDV-dən azad olunub və iri un istehsalçılarına subsidiyalar ödənilib. Daxili bazarda un və un məhsullarının qiymətlərini tənzimləmək üçün 2021-ci ilin əvvəlində Baş nazir tərəfindən “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” Qərar imzalanıb. Bu Qərara əsasən, qiymətlər dövlət resursları hesabına nizamlanıb. Amma dünya bazarlarında taxılın qiymətində baş verən artımlar müvəqqəti xarakter daşımadığından ölkə daxilində un və un məmulatların qiymətlərini süni təsirlərlə əbədi saxlamaq qeyri-mümkün olub. Ona görə də hökumət taxılın idxal qiymətini xarici çağırışlara uyğunlaşdırılmasını vacib hesab edib. Bununla yanaşı, unun və çörəyin qiymətində süni artımların olmaması üçün də tədbirlər görüb. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə buğda əkininə başlanılıb. Hazırda ölkəmizdə buğdaya olan illik tələbatın yarıdan çoxu daxili istehsal hesabına ödənilir.
Deputat əlavə edib ki, əgər ölkəmizin ərzaqlıq buğdaya olan tələbatı yerli istehsal hesabına təmin edilsə, gələcəkdə dünya bazarlarında taxılın qiymətlərinin artmasının daxili bazara təsirini aradan qaldırmaq mümkündür. Yanvarın 19-da Nazirlər Kabinetində keçirilən müşavirədə müzakirə olunan məsələ də dünya bazarlarında baş verən qiymət artımlarının Azərbaycana təsirlərini azaldılması istiqamətində görüləcək işlərlə bağlı idi və aidiyyəti dövlət qurumlarına qısa müddət ərzində “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı barədə təkliflərini Hökumətə təqdim etmək tapşırıldı. Düşünürəm ki, görüləcək tədbirlər yaxın gələcəkdə ölkəmizdə inflyasiyanın və qiymət artımlarının qarşısını alacaq.