Newscenter.az.21.01.2022. Cəmiyyət də insan orqanizmi kimidir, xəstələnir, sağalır, hansısa hissələri, qrupları (orqanları) dəyişir, tədricən sıradan çıxır və s. Orqanizmdə xəstəlik olanda müalicəsi üçün həkimlər, tibb məsuldur. Cəmiyyət xəstələnəndə isə, elm, alimlər.
Dəhşətli hal o zaman baş verir ki, cəmiyyətin sağlamlığı, düzgün inkişafı üçün məsul qurumlar, elm-təhsil ocaqları intriqa yuvasına çevrilə, Henri Pestalotsinin dediyinin əksinə, elm işıq əvəzinə zülmət yaya.
Kərim müəllim AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix institutuna rəhbər gətiriləndə həm təəccüblənmiş, həm də sevinmişdik. Ömrü alim adı daşıyan bürokratlarla mübarizədə keçən bir aydının direktor təyin olunması bir çoxumuzda ümid yaratmışdı. Amma bu gün oxuduğum xəbər ümidlərimizi alt-üst etdi: Kərim müəllim AMEA-da baş verənlərə etiraz olaraq istefa verdiyini bəyan edib. Təəssüf, elmimizin "işıqlarından" birini söndürməyə çalışırlar. Cəmiyyətin sağlamlığına məsul elm özü "xəstədir" artıq.
P.S. Əbədi mübariz kimi tanıdığım Kərim müəllimin istefa əvəzinə mübarizəyə davam etməsini istəyərdim və elmimizin, gələcəyimizin və cəmiyyətimizin sağlamlığı naminə aparılacaq mübarizəyə dəstək verməyə hazıram, əsil alimləri isə bu mübarizəyə qoşulmağa çağırıram.
Anar Əliyev,
Tarix üzrə fəlsəfə doktoru, politoloq