Newscenter.az.21.01.2022. Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi (AMEA) Tarix İnstitutunun Baş direktoru professor Kərim Şükürovun vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsini qəbul etməyib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq akademiyadan bildirilib.
Qeyd olunub ki, K.Şükürov bu gün günorta saatlarında vəzifəsindən istefa verməsi ilə bağlı AMEA rəhbərliyinə rəsmi ərizə ilə müraciət edib. Bununla bağlı AMEA prezidenti Ramiz Mehdiyevin sədrliyi və vitse-prezidentlərin iştirakı ilə müşavirə keçirilib.
Bildirilib ki, müşavirədə məsələ müzakirə edilib və K.Şükürovun istefa ərizəsi qəbul olunmayıb. Beləliklə, onun fəaliyyətini davam etdirməsi məqsədəuyğun hesab edilib.
"Müşavirədə qərara alınıb ki, professor Kərim Şükürov Tarix İnstitutunun Baş direktoru vəzifəsində fəaliyyətini davam etdirsin və mövcud nöqsanları özü aradan qaldırsın", - AMEA-dan bildirilib.
Amma buna baxmayaraq, K.Şükürov bu gün işə çıxmayıb və AMEA rəhbərliyi tərəfindən hələlik onunla əlaqə saxlamaq mümkün olmayıb.
Qeyd edək ki, R.Mehdiyev yanvarın 19-da Rəyasət Heyətinin iclasında Tarix İnstitutunun fəaliyyətini sərt tənqid edib. O, Tarix İnstitutunda qeyri-sağlam iş mühitinin hökm sürdüyü, elmi mühitin sıradan çıxdığı iddiası ilə çıxış edib və institut rəhbərliyinə xəbərdarlıq ünvanlayıb.
K.Şükürov isə yanvarın 20-də R.Mehdiyevin səsləndirdiyi fikirlərə münasibət bildirib. O, R.Mehdiyevi məişət səviyyəli intriqalar ilə məşğul olmaqda və onu akademiyanın gündəliyinə çevirməkdə ittiham edib.
Tarixçi alim yanvarın 21-də akademiyadakı vəzifələrindən istefa verəcəyini açıqlamışdı. Professor bu addımı akademiyanın prezidenti Ramiz Mehdiyevin onun və rəhbərlik etdiyi institut haqqında səsləndirdiyi qeyri-adekvat fikirlərə etiraz əlaməti olaraq atdığını bildirmişdi.